Türkiyənin İstanbul şəhərində "Atatürk” hava limanında baş verən dəhşətli Faciənin üzərindən 3 gün keçir ancaq mətbuatda ard-ardına dayanmayan köşə yazılarına rast gəlirəm. Hamısının ümumi məğzi isə belədir: "Biz faciə üçün qan ağlayırıq”. Əslində hər kəsdən əvvəl ağlamağı mən yaza bilərdim. Lakin yazmadım, çünki ağlamadım. Əslində faciənin baş verəcəyini 3 həftə öncədən bilirdim
Mətbuatda işləyən biri üçün anonslara rast gəlmək normal haldır. Məsələn "Atatürk” hava limanında baş vermiş hadisədən bir müddət əvvəl İsrail və ABŞ Türkiyədəki vətəndaşlarına terror hadisələrin olacağı ilə bağlı xəbərdarlıq etmişdi. Lakin yazmadım. Susdum. Kənardan bu ağlaşma yazılarına baxanda isə yenilik axtarmağa başladım. ”Atatürk” hava limanında ilk fotolar adi mənzərə idisə, sonradan görkəmli "image editor”larımız onları gözəl görkəmə salıb daha kreativ element təqdim etdilər. Bu ağlaşmadan savayı bir metoddur. Sıradan bir vətəndaş olaraq məhz bunun tərəfdarıyam. Hər halda belə kreativ "aeroport” loqotipləri, yaxud xüsusi effektlərlə dizayn edilmiş "ata-oğul” səhnələri insana kreativ yöndən təsir bağışlayır. Yəqin siz də fərqinə varmısız ki, xüsusi kölgə verilmiş partlayışın qurbanı olmuş vətəndaşın yerdə yatan cəsədi insanı kövrəltmir, sadəcə bu təsvir insana fəlsəfə verə bilər. Həmin şəkilin orijinal variantı – Bax elə ən çətinin buna dözməkdir, xalqın içini göynədən, qəlbinə sancılan, gözlərdən sel axıdan təsvirlər məhz həmin orijinal şəkillərdə gizlənir.Faciə haqqında yazanların bir qismi isə olmuşları bir az üzərinə duz səpməklə daha dolğun və ləziz formaya salıb yazırlar, beləcə xalq təkrar informasiyalarla ağlamağa davam edir. Dedim, kifayətdir, fərqli arzuları təcəssüm etdirək, bu hadisələri nə faktlarla (ölü sayı), nə də kreativlikdən uzaq olan təsvirlərlə təqdim edək. Nə də ki, doğmaların fəryadları ilə bəzəyək. Qətiyyən belə etmək istəmirəm. Dilədiyim odur ki, oxuculara İstanbul faciəsi ilə bağlı tamam fərqli baxış bucağı bəxş edəm. Məsələn: Bir sərnişinin ölümünün onu haqlı, yoxsa haqsız qarşılaması. Nəyə görə onun övladı dünyaya gələndə hava limanında platformada cansız şəkildə uyumalı idi? Axı nə səbəbdən 10 gündən sonra toyu olacaqdı, terrorda öldü? Bunun kimi, maraqlı faktlar hər zaman ortaya çıxır.
Bəli, sizə məhz bu cür maraqlı məlumatlar ötürmək istəyirəm ki, üzüntünü üzərinizdən atasınız. Bu informasiyanın yayılmasının ikinci mərhələsidir. Son iki gün ərzində İstanbul faciəsi ilə bağlı statistikaları oxuyurduq. Həmin ərəfədə "ağlamalı” köşə yazıları nümayiş olunmağa başladı. Yadınızdadırsa, yaxın tarixdə Türkiyənin Manisa vilayətində baş vermiş "Soma” kömür mədəni faciəsinin ardınca Azərbaycanda nazirin müavini faciə qurbanları üçün göz yaşı tökdü, sosial şəbəkələr Soma atəşi ilə yanıb tökülməyə başladı, şəkillər "Soma” formatında təqdim olunurdu və s.
Kömürün altında dostunu axtaran şaxtaçı "Məni buraxın, onu xilas edin, onun hamilə olan həyat yoldaşı gözləyir” deyə yalvaranda açığı gözlərim dolmuşdu. Hər halda dost nisgili ürəyi dağladan kimi, insanın psixologiyasına da təsir edir. Bir anlıq öz dostun gözlərimin qabağında canlanır. Daha bir hadisədə ambulansa yerləşdirilən yaralı "ayaqqabılarımı çıxarım, ədyal çirklənməsin” – israrla deyirdi. Bu hadisə gündəmdə Soma ilə bağlı ikinci mərhələnin ən məşhur xəbəri olmuşdu. Sonra hər şey bunun ətrafında dövr etməyə başladı. Biri məharətli çıxdı və həmin şaxtaçının evinə gedib reportaj hazırladı. Media işıqlandıran da isə başlıq belə idi: "Somanın məşhur şaxtaçısı”. Baxın, mənim tərəfdarı olduğum mövqe budur. Bu cür yazı başlığı ilə kim ağlayar? Hərçənd onu başqa cür təqdim edə bilərdik. Məsələn, "Sağ qalan şaxtaçıdan qəlbləri sızladan reportaj”. Amma belə olmadı.
Bu gün ikinci mərhələdən daha bir xəbər oxudum. Mədənçi ata ölən gün övladı dünyaya gəldi. Bu xəbər digərlərindən fərqlidir. Çünki ata insanları kədərə qərq edir, övladı isə bu kədəri uzaqlaşdırmağa çalışan qüvvə rolunu oynayır. Hər halda bunu da "Soma”nın unudulmasının ikinci mərhələsinə aid etmək olardı.
Üçüncü mərhələ faciə ilə bağlı "sabahın proqnozu”dur. Çünki Baş nazir ölkədə 1 günlük matəm elan etdi. Matəm dövrü bitəndə, sonuncu mərhələ də başa çatmış olacaq. Yəqin ki, sonucu mərhələdə "Soma” köynəkləri, "Soma” tatuajları çıxdığı kimi, bu gün də "Qanlı hava limanı”, "Acınız acımızdır” kimi şüarlar haqqında xəbərlər duyarıq.
Rüfət SOLTAN