Bu gün Türkiyənin Gürcüstandakı səfirliyində İstanbulun Atatürk Hava Limanında terror aktı nəticəsində həlak olan şəxslərin xatirəsi anılıb.
Qaziler.az bildirir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, səhər tezdən Türkiyə səfirliyinə axın-axın gələn Gürcüstan dövlət və hökumət nümayəndələri, o cümlədən Gürcüstanın xarici işlər naziri Mixail Canelidze, diplomatik korpus nümayəndələri, siyasi partiya rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, Gürcüstanda fəaliyyət göstərən türk iş adamları və digərləri xatirə dəftərinə ürək sözlərini yazıblar.Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü terror qurbanlarının xatirəsini yad edən Gürcüstan vətəndaşlarına təşəkkürünü bildirib: “Terrorizm öz qara üzünü yenə göstərdi. Xain, qorxaq düşmən terror törətdi. Biz başlanğıcdan söyləyirik ki, terrorçunun dini, kimliyi olmaz. Heç bir ölkə terrordan sığortalanmayıb. Dünyada bütün insanlar terrora qarşı mübarizə aparmalıdırlar.
Türkiyə səfiri terrorun ilk anlarından Gürcüstan rəhbərliyinin diqqətini hiss etdiyini, rəsmi şəxslərin telefon zəngləri ilə Türkiyənin kədərini, acısını paylaşdıqlarını bildirib: “Ümid edirəm ki, bu terror aktı son olacaq və biz birliyə doğru addımlayacağıq. Bu gün gürcü və azəri-türk toplumu ürəklərini bizə açdı. Dünən Tiflisin televiziya qülləsi Türkiyə bayrağının rəngi ilə işıqlandırılıb. Biz özümüzü tənha hiss etmirik və gələcəyə ümidlə baxırıq. Türk xalqını qorxutmaq mümkün deyil. İnanıram ki, terrorizmin kökünü kəsəcəyik”.