ABŞ Dövlət Departamentinin rəsmisi Con Psaki dekretə çıxmazdan əvvəl Rusiyanın "Dojd" telekanalının aparıcısı Ksenya Sobçaka müsahibə verib.
O, "Siz Putini diktator hesab edirsinizmi" sualına cavabında bildirib ki, mən prezident Putinə hər hansı damğa vurmağa hazırlaşmıram: "Çox təəssüf ki, o, ölkəsinin iqtisadi tənəzzülünə əhəmiyyət vermir. Bu, Rusiya xalqına birbaşa təsir edir. O populyarlaşmaq üçün Ukraynanın daxili işlərinə qanunsuz müdaxilə edir. Əgər Amerikada siyasi liderlər bu yolu seçsəydilər, məsuliyyətə cəlb olunardılar."Onun sözlərinə görə, Putinin hakimiyyətdən getməsi ABŞ-ın əsas hədəfi deyil. Hədəf Rusiyanın qonşu ölkəyə qanunsuz müdaxiləsinə və Ukrayna ərazisində separatçıların fəaliyyətinə son qoymaqdır. Bunun üçün liderin yenisi ilə əvəzlənməsindən söhbət getmir. Bu, rusiyalıların seçimi olmalıdır. Amma Rusiya Ukrayna məsələsində özünü spesifik aparır. Bu ölkə rəhbərinin siyasi kursu dəyişdirmək imkanı var.