Rusiya futbol xuliqanları “paqonlu azarkeşlər” olub?

Rusiya futbol xuliqanları “paqonlu azarkeşlər” olub? backend

“The Observer” yazır ki, Britaniya hökuməti rusiyalı futbol xuliqanlarının Kremlə bağlı olduqlarını düşünür.

Məqalədə deyilir ki, rəsmi Londonun vəzifəli siyasətçiləri narahatdırlar ki, Avropa Futbol Çempionatında Rusiya xuliqanlarının törətdiyi zorakılığın əmri Kremldən verilmiş ola bilər.
Hökumət hazırda bu adamların Vladimir Putin rejimi ilə əlaqəli olmasına dair faktları araşdırır.
Belə anlaşılır ki, zorakılıqda və Marsel və Lildə İngiltərə azarkeşləri üzərinə yüksək səviyyədə koordinasiya edilmiş hücumda iştirak edənlərin əhəmiyyətli hissəsini Rusiya “paqonlu xidmətlərinin” əməkdaşları təşkil ediblər.
Bu ehtimalın arxasında belə bir fərziyyə durur ki, futbol xuliqanlığı, Putin tərəfindən “hibrid müharibəsi” kampaniyasının davam etdirilməsi sayıla bilər.
Hökumət ekspertləri düşünürlər ki, bu taktikadan məqsəd Rusiyanın zorunu göstərməklə yanaşı, həm də ölkə daxilində bütün dünyanın Rusiyaya qarşı olduğunu nümayiş etdirməkdir.
“The Observer” yazır ki, Marseldə törədilmiş zorakılığın ardınca yaradılmış saxta Tvitter hesablarından yayılan postlarda Rusiya azarkeşlərinin təxribata çəkildiyinə dair şayiələr tirajlanır, Rusiya millət vəkillərindən biri isə yazır: “Əhsən, uşaqlar, beləcə davam edin”.
Məqalədə deyilir ki, iki britaniyalı azarkeş – 51 yaşlı portsmutlu Andrew Bache və Lestəşirdən olan Stewart Gray çəkic və dəmir dəyənək hücumuna məruz qaldıqdan sonra koma vəziyyətinə düşüblər və onları xilas etmək uğrunda mübarizə gedir.
Avropa futboluna rəhbərlik edən UEFA xəbərdarlıq edib ki, azarkeşlərin Marselin Stade Vélodrome stadionunda törətdikləri xuliqanlıq təkrar edilərsə, Rusiya komandası çempionatdan qovula bilər.

Britaniya hökumət mənbələrindən “The Observer” qəzetinə bildirilib ki, Rusiya futbol xuliqanlarının kimliyinin araşdırılması üçün sosial mediada təhqiqat aparılır.
“Bu hərəkətlərin Kreml tərəfindən sanksiyalandığını sübut etmək çətindir, lakin biz görürük ki, bu adamlardan bir neçəsi Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır, - deyib mənbə, - Bu, Rusiyanın apardığı hibrid müharibəsinin davamına bənzəyir”.
Britaniyanın Euro 2016 çempionatında polis əməliyyatçısı Mark Roberts deyib ki, bu, onun son 10 ildə araşdırdığı futbol zorakılıqlarının ən ciddisi və ən koordinasiyalısı olub. O bildirib ki, Birləşmiş Krallıq polisinin xəfiyyələri 150-dək Rusiya azarkeşinin diş qoruyucuları, barmaqsız əlbəyaxa döyüş əlcəkləri və bandanalarla “silahlandıqlarını” müşahidə ediblər.
Rusiya Azarkeşlər İttifaqının məşhur lideri Aleksandr Şprıgin Marsel şəhərindən Lilə səfər edərkən həbs edilib və Fransadan deportasiya olunub.
“The Observer” yazır ki, çempionatlarda idman rəsmisini müşayiət edən Şprıgin 2010-cu ildə bir rusiyalı azarkeşin dəfnində çəkilmiş fotoda Putinlə yanaşı görünür.
Fransa polisi ümumilikdə 43 rusiyalı azarkeşi həbs edib.
Günah döyüləndədir
Moskva azarkeşlərin həbslərini pisləyib və bəyan edib ki, bu hadisə “anti-Rusiya hisslərini daha da qızışdırır”.
Cümə günü Vladimir Putin Avropa çempionatındakı azarkeş zorakılığını zarafata salıb və deyib ki, “200 rusiyalı azarkeşin bir neçə min ingilisi döyməsini” başa düşmür.
O deyib ki, Ukrayna böhranına görə Qərblə pozulmuş münasibətləri bərpa etmək istəyir, lakin bütün təqsirlər elə Qərbin özündədir: “Avropa biznesi bizim ölkəmizlə əməkdaşlığı istəyir və buna hazırdır. Avropa siyasətçiləri biznesə kömək etməli, müdriklik, üzaqgörənlik və açıqlıq nümayiş etdirməlidirlər.”
“Biz bütün bunların necə başlandığını yaxşı xatırlayırıq. Bugünkü vəziyyəti Rusiya yaratmayıb. Biz kin saxlamırıq və avropalı partnyorlarımızla əlaqələrə can atırıq, lakin bu, əlbəttə, birtərəfli qaydada edilə bilməz,” – deyib Putin.

Sevgi adasında seks
“The Daily Mail” yazır ki, Britaniyanın hazırkı gözəllik kraliçası Zara Holland ölkənin ITV2 telekanalında göstərilən “Love Island” (Sevgi adası) realiti şousunun canlı efirində sekslə məşğul olduğuna görə tacından məhrum edilib.
Gözəllik yarışmasının təşkilatçıları bildiriblər ki, “onların sekslə heç bir problemləri yoxdur”, lakin xanım Hollandın canlı efirdə 24 yaşlı tikinti ustası Alex Bowen-lə intim əlaqəsinə göz yuma bilməzlər.
Ötən çərşənbə axşamı efirə canlı verilən epizodda bu iki nəfərin çarpayıda “yorğan altında fəaliyyətinə” milyonadək tamaşaçı baxıb.
“The Daily Mail” yazır ki, seks səhnəsi açıq olmasa da, nəyin baş verdiyi səslərdən tamamilə başa düşülüb.
“Zara çox şirin qızdır”
“Love Island” şousunun aparıcısı Caroline Flack gözəllik kraliçası barədə qərarı tənqid edib və deyib ki, Zara “çox şirin qızdır”.
“Nə olsun ki, gözəllik çempionudur. Biz bəyəm orta əsrlərdə yaşayırıq?” – deyib aparıcı.
“Miss Great Britain” gözəllik yarışının təşkilatçıları deyiblər ki, bu qərarı “dərin təəssüf hissi ilə” qəbul ediblər.
Onlar bildiriblər ki, Miss Britaniya yarışının qaliblərindən güclü qadın obrazı, davranış nümunəsi olmaq tələb olunur.
Təşkilatçılar deyiblər ki, münsiflər heyətinin üzvləri və ictimaiyyətin geniş təbəqələri belə qərara gəliblər ki, Zara davranış modeli sayıla bilməz.
“Biz başa düşürük ki, hər bir adam səhvə yol verə bilər, lakin Zara bir Miss Britaniya səfiri kimi bu titilun məsuliyyət tələblərinə cavab vermir.
Televiziya proqramının sözçüsü deyib ki, xanım Hollanda onun barəsində çıxarılmış qərar elan edilib, lakin o şounu davam etdirmək istədiyini bildirib.
“Çılpaq qızların güləşi”
Sözü gedən şou proqramında əvvəllər də cinsi əzaların açıq nümayişi, “çılpaq qızların jele hovuzunda güləş” səhnələri nümayiş etdirilib.
İndi artıq sabiq Miss Britaniya bəyan edib ki, başqa bir verilişin – “Loose Women” (Bekar qadınlar) proqramının ulduzu Vicky Pattison-un keçmiş sevgilisi ilə bir yataqda sekslə məşğul olmasından peşmandır.
Keçmiş gözəllik kraliçası kamera qarşısında deyib: “Bilirsiniz, belə anlar olur. Heç məndən çıxan iş deyil.”
“The Daily Mail” yazır ki, bu verilişdə 70 kameranın nəzərləri altında olan villanın “strateji” yerlərində minədək prezervativ gizlədilir.
Bu verilişin şərtlərinə görə bütün iştirakçılardan “cütləşmək” tələb olunur və boş qalan “oyunçu” şoudan çıxarılır.
Şounun lap axıra qalan iştirakçısına 50 min funt sterlinq mükafat verilir.
Builki şouda iştirakçılar üçün xüsusi xəlvəti guşələr düzəldilib.
Aparıcı Flack deyib ki, şoudakı seks səhnələri, xüsusilə də “seks səsləri” bəzən onun özünü də utandırır.
“The Daily Mail” yazır ki, təşkilatçıların qərarı ilə xanım Hollanddan alınmış gözəllik tacı müsabiqədə ikinci yeri tutmuş Deone Robertsona veriləcək.
Gözəllik yarışının təşkilatçıları deyiblər ki, onlar, xanım Holland verilişin İspaniyadan translyasiya olunduğu Mayorka kurortundan qayıdandan sonra onu qəbul edib əlavə izahat verməyə hazırdırlar.
Məqalədə deyilir ki, qaydalara görə Miss Britaniya dünya gözəli yarışına qatılmır. Bu yarışda Britaniyanı Miss İngiltərə, Miss Uels, Miss Şotlandiya və Miss Şimali İrlandiya təmsil edirlər.

(BBC)