Rusiyanın Penza şəhərində məhkəmə Azərbaycan vətəndaşına dair çıxartdığı qərarı qüvvədə saxlayıb. ANS PRESS-in məlumatına görə, iri həcmdə dələduzluq və quldurluğa görə Rövşən Qurbanov 3 il həbsxana həyatına məhkum olunub. Bundan sonra o, cinayətdən zərərçəkənlərə dəyən ziyanı ödəməlidir.
2014-cü ildə Qurbanov Saratovdan Penzaya gəlib. Burada o, vilayət mərkəzində "Renessans Avto" şirkətini təsis edib, penzalılara Nijnevartovsk və Krasnoyarskda iş axtarmağa kömək etməyə başlayıb.
Qurbanov müştərilərindən gələcək işlərinin yerləşdiyi şəhərə getmək üçün bilet pulu belə götürüb. Onlara söz verib ki, şəhərə çatan kimi pullarını geri qaytaracaq. Lakin penzalılar yola düşəcəyi gün Qurbanovun ofisinin bağlı olduğunu görüblər.
Məlum olub ki, Qurbanov özü həmin vaxt Saratovda olub və zərərçəkmişlərə yazıb ki, bir daha ofisə gəlməsinlər.
16 nəfər zərərçəkmiş Penza və vilayətin digər ərazilərindən olub. Dələduza onlar 290 000 rubldan (5815 AZN) çox pul veriblər. Bundan başqa, Qurbanov yaşadığı evdən televizor da oğurlayıb. Amma bütün bunlara baxmayaraq, o, məhkəmədə özünü günahkar saymayıb.
Lakin məhkəmə artıq dələduzla bağlı qərar verib. O, 3 il 2 ay müddətində azadlıqdan məhrum edilib.