Sankt-Peterburqda keçiriləcək XX Beynəlxalq İqtisadi Forum çərçivəsində Rusiya İraqın tərkibində muxtariyyət statusu olan İraq Kürdüstanı ilə əlaqələri gücləndirmək niyyətindədir. Virtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiyanın İraq Kürdüstanındakı səfiri Viktor Simakov deyib.
Gözlənildiyinə görə, Peterburq Beynəlxalq İqtisadi Forumunda (PBİF) Kürdüstanın nümayəndə heyətinə baş nazir Neçirvan Barzani, baş nazirin müavini Qubad Talabani və Planlaşdırma Nazirliyinin rəhbəri daxil olacaq.
Mənbənin bildirdiyinə görə, hazırda Kürdüstanda Rusiyanın “Qazprom” şirkəti kürdlərə faydalı qazıntıların mənimsənilməsində kömək edir. Səfirin sözlərinə görə, Rusiya burada emal sənayesinin yaradılmasında maraqlıdır ki, Kürdüstan yalnız xam neft ixracatçısı rolunu oynamasın. Əməkdaşlıq planlarına həmçinin hazırda tullantı kimi istifadə edilməyən səmt qazının hasilatı da daxildir.
Kürdlər kənd təsərrüfatının inkişaf etdirilməsi üçün Rusiyadan texnika alınması barədə də düşünürlər.