Ukraynada Milli Kibertəhlükəsizlik Mərkəzi yaradıldı

Ukraynada Milli Kibertəhlükəsizlik Mərkəzi yaradıldı backend

Ukrayna prezidenti Pyotr Poroşenko Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. İKT.lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, mərkəz Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibində fəaliyyət göstərəcək. Yeni quruma Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov rəhbərlik edəcək.

Yeni orqanın əsas vəzifələri ölkənin kibertəhlükəsizlik vəziyyətinin təhlili, kibertəhlükələrə qarşı hazırlıq, dövlət informasiya resurslarında kiberinsidentlər barədə məlumatların toplanması və s. olacaq. Mərkəz bu sahədə real və potensial təhdidləri aşkarlamaq və proqnozlaşdırmaq istiqamətində çalışacaq, idarələrarası təlimlərdə iştirak edəcək.

Qeyd edək ki, ötən il dekabrın 23-də Ukraynanın elektrik şəbəkəsinə haker hücumu baş verib, nəticədə bir sıra regionların elektrik enerjisi ilə təminatı dayanıb. Kiyevin “Borispol” hava limanının kompüter şəbəkəsində isə zərərli virus proqramı aşkarlanıb.