Yanvarın 24-də NATO-nun baş katibi Yens Stoltenberqin Vaşinqtona üçgünlük səfəri başlayır. APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Şimali Atlantika Alyansının baş katibi ABŞ rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Y. Stoltenberqin həmçinin Vaşinqtonda NATO-nun transformasiyası məsələləri üzrə beynəlxalq seminarda iştirak edəcək.
Bildirilir ki, NATO ilə Rusiya arasında münasibətlər danışıqların əsas mövzularından birini təşkil edəcək.Y. Stoltenberqin sözlərinə görə, hazırda Alyans çevik reaksiya qüvvələrini ikiqat gücləndirməyə qərar verərək Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Bolqarıstanda idarəetmə elementlərini yaradır.
Bundan əvvəl Pentaqonun bəyanatında vurğulanırdı ki, Rusiyanın hərəkətləri NATO-nu müdafiə strategiyasında radikal dəyişikliklər həyata keçirməyə vadar edib.