Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Türkiyə Böyük Millət Məclisinin deputatı Metin Külünk 1904-1907-ci illərdə Kayzer Almaniyasının Namibiyada törətdiyi kütləvi qırğınları soyqırımı kimi tanınması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib.
Virtualaz.org «Habertürk»ə istinadən xəbər verir ki, Namibiya soyqırımı 1904-1907-ci illərdə Kayzer Almaniyasının işğalçı qüvvələrinin Cənub-Qərbi Afrikanın bu ölkəsində herero (bantu) və nama (qottentotlar) qəbilələrinin əhalisinin 80 faizə qədərinin qətlə yetirilməsi aktıdır. Həmin qətliam xalq üsyanını yatırmaq üçün həyata keçirilib.Türkiyənin bu addımı Almaniya Bundestaqının 1915-ci il hadisələrini «erməni soyqırımı» kimi tanımasına cavab kimi qiymətləndirilir. Lakin qeyd olunmalıdır ki, 2004-cü ildə Almaniya Namibiya soyqırımını rəsmən tanıdığını elan edib.