İrina Vlax Qaqauz Muxtar Yerinin başqanı seçilib

İrina Vlax Qaqauz Muxtar Yerinin başqanı seçilib backend

Moldovanın tərkibində Qaqauz Muxtar Yerinin başqanı seçkilərində İrina Vlax 50 faizdən çox səs toplayaraq qalib gəlib.

APA-nın məlumatına görə, bu barədə yerli Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Valentin Kara RİA Novosti agentliyinə deyib. MSK nümayəndəsinin sözlərinə görə, səslərin sayılması prosesi davam edir, lakin indidən 2-ci turun olmayacağı söyləmək olar.

İ. Vlaxın səslərin paralel hesablanması işini aparan seçki qərargahının məlumatına əsasən, səslərin 100 faiz hesablanmasından sonra o, 53,21 səs toplayıb, rəqibləri Nikolay Dudoqlo 18,20, Valeriy Yanioqlo isə 7,65 faiz seçici səsi yığa bilib.

Seçici aktivliyi 58,1 faiz təşkil edib.

Qaqauz Yerinin hazırki başqanı Mixail Formuzal və müxalif Sosialistlər Partiyanın rəhbəri İqor Dodon artıq İrina Vlaxa öz təbriklərini çatdırıblar.

Xatırladaq ki, seçkilərdə 10 namizəd mübarizə aparıb. İrina Vlax müstəqil namizəd kimi qeydiyyatdan keçib, lakin "Avrasiya vektoru"nu dəstəkləyən Sosialistlər Partiyası ona dəstəyini ifadə edib.

Qaqauz Yeri ənənəvi olaraq Rusiyayönümlü siyasəti dəstəkləyir. 2014-cü ilin fevralında ölkənin xarici siyasət istiqmətinin müəyyənləşdirilməsi ilə bağlı keçirilən referendumda 98 faiz iştirakçı Moldovanın Gömrük İttifaqına üzv olmasını dəstəklədiyini bildirib.
Diaspora