Hindistanın paytaxtından 150 kilometr şimalda yerləşən Matxura şəhərində kütləvi iğtişaşlar yaşanıb. "Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, sektantlarla polis arasında toqquşmalarda azı 21 nəfər həlak olub, yüzdən çox insan isə yaralanıb.
Uttar-Paradeş ştatının polis idarəsindən mətbuata verilən məlumata əsasən, insident “Caya-Gurudeva” sektasının nümayəndələrini qanunsuz zəbt etdikləri 100 hektaradək ərazini boşaltmaları üçün əraziyə cəlb edilən polis əməkdaşları arasında yaranıb. Kütləvi iğtişaşlar 3 saata yaxın davam edib.
Təhlükəsizlik qüvvələri əvvəlcə kütlənin təzyiqinin qarşısını elektroşokerlərlə almağa çalışsa da, iki polis əməkdaşının qətlindən sonra silaha əl atmalı olub.
Toqquşma nəticəsində, həmçinin 19 sektant öldürülüb. Sektanın 250-dən çox üzvünün həbs edildiyi bildirilir.
Yaralananlar arasında azı 20 polis əməkdaşı var.