Bu gün Tacikistanda ölkə Konstitusiyasına düzəliş və əlavələrlə bağlı referendum keçirilir.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, əgər düzəliş və əlavələr ümumxalq səsverməsi yolu ilə qəbul olunarsa, Tacikistan prezidenti Emoməli Rəhmon istənilən qədər prezident seçilə biləcək.Yeni düzəlişə görə, prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endiriləcək. Əsas qanuna edilən əlavəyə əsasən, Konstitusiya Şurası ləğv olunacaq, dini xarakterli partiyanın yaradılması qadağan ediləcək.
Tacikistan Konstitusiyası 1994-cü il noyabrın 6-da ümumxalq səsverməsi yolu ilə qəbul edilib. 1999-cu və 2003-cü illərdə Konstitusiyaya düzəliş və əlavələr olunub.
Xatırladaq ki, Tacikistan prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.
Azərbaycan Milli Məclisinin deputatları İqbal Məmmədov, Rüfət Quliyev və Mərkəzi Seçki Komissiyasının nümayəndələri referendumda müşahidəçi kimi iştirak edirlər. (AzərTAc)