“Birləşmiş Millətlər Təşkilatının 70 illik yubileyinə həsr ediləcək kampaniya və tədbir iştirakçılarına dərin hörmət və ehtiramımı bildirməkdən şərəf duyuram”.
Bu barədə BMT baş katibi Pan Gi Munun müraciətində bildirilib. BMT-nin Azərbaycan Nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə BMT-nin köləliyin ləğvində, ölümcül xəstəliklərin qarşısının alınmasında, irqçliyin üzərində qələbə, beynəlxalq hüququn təkmilləşdirilməsi, təhlükəli ərazilərdə sülhün bərqərar olunması və hər kəsin azadlıq, bərabərlik və ləyaqət hüququna malik olmasının təminatı yolunda beynəlxalq müqavilələr sisteminin təşviqində çoxsaylı tərəfdaşlarla birgə işləmək kimi şərəfli tarixə sahib olduğu vurğulanıb: “Eyni zamanda, bu yolda çatışmazlıqlar olub və dünya təşkilatının yaradıcıları tərəfindən nəzərdə tutulan sülh və təhlükəsizliyə hələ də nail oluna bilməyib. Birləşmiş Millətlər Təşkilatı daha yaxşı sabaha təməl qoymaqla günün nəbzini tutmaq üçün dünyada dayanmadan işləyir. Sülh, dayanıqlı inkişaf və insan hüquqları bizim səylərimizin əsas və gücləndirici amalıdır.Yetmiş illik yubiley insan ailəsi üçün böyük keçidin ən yaxşı vaxtına təsadüf edir. 51 üzv ölkə tərəfindən qurulan təşkilat hazırda 193 ölkənin evinə çevrilib. 1945-ci ildə 2.3 milyardlıq qlobal əhali sayı hazırda 7 milyardlıq vahid insan ailəsinə çevrilib.
BMT milyonlarla insana müsbət dəyişiklik gətirib - uşaqlara peyvəndlərin vurulması, yardım ərzaqlarının paylanılması; qaçqınlara sığınacaqların yaradılması, sülhməramlıların səfərbər edilməsi, ətraf mühitin mühafizə edilməsi, münaqişələrin sülh yolu ilə həlli yollarının tapılması və demokratik seçkilərin keçirilməsinə dəstəyin verilməsi, gender bərabərliyi, insan hüquqları və hüququn aliliyi”.
Qeyd olunub ki, bu yubileyin mövzusu - “Güclü BMT ilə Daya Yaxşı Dünya” – çoxqütblülüyün əhəmiyyətini özündə ehtiva edir: “Bu dövr sınağa çəkmək dövrü olmaqla yanaşı böyük imkanların olduğu bir dövrdür. BMT qurum nizamnaməsinin ideya və məqsədlərinin həyata keçirilməsi və hər kəsin həyatına sülh, əmin-amanlıq və şərəf gətirmək üçün dünyanın hər yerindən insanlarla işləməyə hazırdır. Yubileyin keçirilməsi kampaniyasına qoşulmağınız və göstərdiyiniz dəstək üçün minnətdaram”.