Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) may ayının sonunda növbədənkənar qurultay keçirəcəyi bildirilir. Avropa.info xəbər verir ki, qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir və partiyanın sədri Əhməd Davudoğlunun görüşündən sonra açıqlanıb.
Ərdoğanla Davudoğlunun dünən axşamkı görüşündən sonra AKP-nin may ayının sonunda qurultay keçirəcəyi, qurultayın dəqiq vaxtının isə partiyanın idarə heyətinin sabah keçiriləcək iclasında müəyyən olunacağı açıqlanıb.Məlumatlar arasında həmçinin Əhməd Davudoğlunun növbəti dəfə sədrlik üçün namizədliyini irəli sürməyəcəyi də var.
Mətbuatda yayılan xəbərlərdə partiya sədri və baş nazir postu üçün namizədliyini irəli sürəcək olan bəzi siyasətçilərin adları da yer alır.
Bu qurultayda partiya sədri postu üçün ən real namizədlərin nəqliyyat naziri Binəli Yıldırım, energetika naziri və Ərdoğanın kürəkəni Berat Albayrak, ədliyyə naziri Bəkir Bozdağ, baş nazirin müavini və hökumət sözçüsü Numan Kurtulmuş və səhiyyə naziri Mehmet Müəzzinoğlunun olduğu bildirilir.
Xatırladaq ki, Davudoğlu partiyanın dünən keçirilən iclasında "Bu mübarizə uğrunda lazım gəlsə vəzifəni, mövqeyi və nəfsimi ayaqlarımın altına alaram. AKP heç bir hesablaşmaya, heç bir mövqeyə qurban ediləcək bir partiya deyildir" deyə bildirmişdi.



