Bu gün Ermənistanın müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya gedəcək. ANS PRESS-in məlumatına görə, erməni nümayəndə heyəti 5-ci Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edəcək. Konfrans çərçivəsində erməni nazirin ikitərəfli görüşləri nəzərdə tutulub.
Məlumata görə, 27-28 apreldə baş tutacaq konfransda terrorizmlə mübarizə məsələləri müzakirə olunacaq. Konfransda 80 ölkədən nümayəndə heyəti iştirak edəcək. Onlardan 20-i nazir, 15-i isə baş qərargah rəisi səviyyəsində təmsil ediləcək.Ümumilikdə cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ohanyan münaqişə ilə bağlı qeyri–adi bəyanatlarla çıxış edib. Erməni nazir uydurma soyqırım abidəsini ziyarət edən zaman bildirib ki, güzəştlərdən söhbət gedə bilməz.
"Münaqişənin həlli üçün ilk növbədə etibar mühiti və müvafiq şərtlər lazımdır. Yaranmış durumda kiçik bir torpaq güzəştindən belə söhbət gedə bilməz”. Seyran Ohanyanın açıqlamasına Azərbaycanın Müdafiə Nazirliyi cavab olaraq bildirdi ki, Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq.
“Münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq”.
Həmçinin ümumilikdə cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistan və Rusiya rəsmilərinin qarşılıqlı səfərlərinin sayı artıb.
Azərbaycanın Ermənistan ordusunun cavab tədbirlərindən sonra Rusiyanın baş naziri Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov və digər rəsmilər İrəvana gəliblər. Rusiya rəsmilərinin əsas müzakirə mövzusu isə Ermənistan-Azərbaycan təmas xəttində baş verən son hadisələr olub.
Ermənistan rəsmiləri də Moskvaya gediblər. Ohanyandan əvvəl Erənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyada olub.
Həmin vaxt Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və erməni həmkarı arasında görüş baş tutmuşdu.



