Hər il aprelin 26-da bütün dünya Çernobıl qəzasının qurbanları və ağır nəticələrini xatırlayır. 1986-cı ildə Çernobıl atom elektrik stansiyasında baş verən qəza indiyədək baş verən ən ağır qəza kimi qəbul edilir. Qəzanın nəticələrinin aradan qaldırılmasında keçmiş sovet respublikalarından 600 min insan iştirak edib. Onlar arasında Azərbaycandan da 7 mindən çox insan olub. İndi bu insanların əksəriyyəti sağ deyil. Bu günə onlardan 4200 nəfəri ağ qalıb. Digərləri əsasən şüalanmaya görə dünyasını dəyişiblər. Çoxlar heç 50 yaşına qədər yaşamayıb. Bu insanların həyat davametmə müddəti və əmək qabiliyyəti digərlərinə nisbətən iki dəfə aşağıdır.
Kamil Mehdiyev: "Bizi aldatdılar, Çernobıla apardıqlarını demədilər"Kamil Mehdiyev, AES-dəki qəzanın nəticələrinin aradan qaldırılmasından iştirak edib. İl yarımdır ki, əlil arabasına pərçim olunub. Bir neçə mürəkkəb əməliyyat keçirib. Şüalanma nəticəsində hipertoniya, görmə zəifliyi, şəkərli diabet qazanıb və nəhayət ayaqların amputasiya etdirməli olub. O, Çernobıla getdiyi günləri xatırlayır:

"Bizə heç hara getdiyimizi demirdilər. Amma ehtimal edirdik ki, hara ola bilər. Bizi aldatdılar, dedilər ki, Kiyevə - Slavutiçə aparırlar. Amma guya Kiyevə gəlib çatanda gördük ki, orada Çernobıl AES-in avtobusları dayanıb. Elə onda da başa düşdük ki, hara gedib çıxmışıq".
İndi ona Çernobıldan qalan yeganə şey – pencəyinin yaxasına taxdığı “İgidlik və casarətə görə" medalıdır. Bir neçə ildir ki, Mehdiyev ailəsi ilə bilikdə kirayə evdə yaşayır. Bahalı cərrahiyyə əməliyyatlarına görə evini satmalı olub. Son ümidi dövlətədir.
Çernobıl əlillərinə Prezident təqaüdü və sosial müavinətlər verilir
Azərbaycan dövləti Çernobıl əlillərinə bacardığı qədər kömək edir. 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.
1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu təbəqədən olan insanlara qayğıkeş münasibəti nəticəsində ölkəmizdə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanun qəbul edilib, onların və ailə üzvlərinin sosial müdafiəsinin təmin edilməsi sahəsində mühüm tədbirlərə başlanılıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər bir vətəndaşın rifahının yaxşılaşmasına, əlilliyi olan şəxslərin təminatlarının gücləndirilməsinə yönələn sosial inkişaf kursu Çernobıl əlillərinin də sosial müdafiəsinin ildən-ilə güclənməsinə şərait yaradıb.
Azərbaycanın sosial qanunvericiliyində Çernobıl əlilləri əlilliklərinin səbəbinə görə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar və Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar kateqoriyaları üzrə müəyyən ediliblər.
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan vətəndaşlar (2864 nəfər) ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilir və onlara əlilliyə görə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri də ödənilir.
Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar (1730 nəfər) aylıq sosial müavinət və ya əlilliyə görə əmək pensiyası, bu kateqoriyadan olan və əmək pensiyası almaq hüququ olmayan I qrup əlillər isə əlilliyə görə sosial müavinətlə bərabər, Prezident təqaüdü ilə də təmin olunurlar.
Eyni zamanda, Çernobıl əlillərinin müalicə üçün ildə bir dəfə birdəfəlik müavinətlə, onlardan I və II qrup əlillərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının (878 nəfər uşaq) aylıq sosial müavinətlə təminatı həyata keçirilir. Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır.
Ötən dövrdə 200 nəfərə yaxın Çernobıl əlilinə mənzil, 2014-cü il yanvarın 1-nə qədər növbədə olan bütün Çernobıl əlillərinə isə avtomobil təqdim edilib. Onların sanator-kurort putyovkaları, tibbi-sosial reabilitasiya xidmətləri və s. ilə təminatı sahəsində də müvafiq işlər görülür.
Rauf Sərdarlı: "30 ildən sonra radiasiyanın səviyyəsi hələ də yüksəkdir"
Çernobil AES ötən əsrin 30-cu illərində tikilib. O, sövet ittifaqında ən böyük stansiyalardan biri idi. 4 blokdan ibarət stansiya Ukraynanın elektrik enerjisinin 10 faizini təmin edirdi. AES-dəki partlayış nəticəsində təkcə Ukrayna deyil, yaxınlıqdakı ölkələrdə də ciddi ziyan dəydi. Yanan reaktor radioaktiv bulud əmələ gətirmişdi. Bu da çöküntü şəklində Rusiya, Belarus, bir sıra Avropa ölkələrinin üzərinə düşmüşdü. AMEA-nın Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri Rauf Sərdarlı deyir ki, bu faciə bütün bəşəriyyət tarixində ən qorxulu texnogen qəza idi.
"Partlayışa qədər reaktorun aktiv hissəsində 200 ton uran dioksidi var idi. Partlayış nəticəsində bu həcmdə maddənin 30 faizi bütün dünyaya toz və qaz şəklində yayıldı. Bu radioaktiv elementlərin hər yerə paylanmasının təsirləri hələ uzun müddət hiss olunacaq. Çünki yarımparçalanma dövrü 30 il təşkil edir. Hələ 30 ildən sonra izotopların aktivliyi 2 dəfə azalır”.
Çernobılda ....160 nəfər yaşayır
30 ildən sonra keçmiş sakinlər Çernobıla geri dönməyə başlayıblar. İndi orada təxminən 160 insan yaşayır.
Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın özündə 31 insan həlak olmuşdu. Amma sonradan şüalanma il əlaqədar xəstəliklərdən ölənlərin sayı dəqiq məlum deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 9 min insan radiasiyanın qurbanı olub.
Lakin hadisənin 30 illiyi ilə əlaqədar Greenpeace təşkilatının hazırladığı hesabatda qeyd olunur ki, burada söhbət 115 min insanın ölümündən gedir.
Ekoloqlar isə iddia edirlər ki, Çernobılın 30 km-lik təhlükə zonasında hələ də radiasiya yüksək səviyyədə qalmaqdadır.
Mənbə: CBC.AZ



