ABŞ prezidenti Barak Obama bu gün Almaniya, Fransa, Britaniya və İtaliya liderləri ilə görüşündə İŞİD-ə qarşı kibernetik silahdan istifadə olunmasının mümkünlüyünü müzakirə edəcək.
İKT.lent.az-ın məlumatına görə, bu barədə “The New York Times” məlumat yayıb. Görüş Almaniyanın Hannover şəhərində keçiriləcək. Qəzet yazıb ki, ABŞ prezidenti terrorçulara qarşı yeni cəbhə açmaq fikrindədir. Bu məqsədlə daha öncə Rusiya, Çin, İran və Şimali Koreyaya qarşı istifadə olunmuş kiber silahdan istifadə ediləcək.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrində xüsusi Kibernetik Komandanlıq mövcuddur. 2009-cu ilin noyabrında müdafiə naziri Robert Geyts Strateji Komandanlığa Kibernetik Komandanlığın (USCYBERCOM) yaradılması barədə əmr verib. Kiber komandanlıq 2010-cu il mayın 21-dən fəaliyyətə başlayıb və həmin il oktyabrın 31-də tam operativ hazırlıq vəziyyətinə çatıb. Komandanlığın əsas vəzifələri mərkəzləşdirilmiş kiberhücum əməliyyatlarının keçirilməsi, ABŞ kompüter şəbəkələrinin idarə olunması və müdafiəsindən ibarətdir. Komandanlığın qərargahı Merilend ştatındakı Fort-Mid hərbi bazasında yerləşir.



