M-60 tankı Mosul şəhərində orduya məxsus Başika düşərgəsini mühafizə edirdi.
İŞİD İraqda Türkiyə ordusuna məxsus tankı vurub.Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, hadisə İraqın Mosul şəhərində baş verib. Türkiyə Silahlı Qüvvələrinə məxsus M-60 tankı Mosul şəhərində orduya məxsus Başika düşərgəsini mühafizə edirdi. M-60 tank əleyhinə raketlə vurulub.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Bundan əvvəl Başika hərbi düşərgəsi 3 dəfə İŞİD silahlılarının hücumuna məruz qalıb.
Bu il yanvarın 8-də İŞİD terrorçuları İraqda türkiyəli hərbçilərin olduğu Başika bazasına hücum ediblər. Bazaya hücum edən terrorçular xeyli itki verərək geri çəkiliblər. Ümumilikdə, 17 terrorçu məhv edilib.
Türkiyəli hərbçilər arasında ölən və ya yaralanan yoxdur.
Türkiyə tanklarının İraqa daxil olması
İŞİD terror qruplaşması Başika hərbi bazasına "Katyuşa" mərmiləri atmışdı. Bu mərmilər türk əsgərlərinin olduğu bazanın ön hissəsinə düşsə də itki olmamışdı. Türk hərbçiləri isə qarşı tərəfi top və mərmilərlə susdurmuşdu.
Terror qruplaşması bir neçə Türkiyə ərazisinə də raket atıb.
Dekabrın 4-də Türkiyə Silahlı Qüvvələri (TSK) 2 ildən artıq müddətdə Şimali İraq Mosul əyalətinin Türkiyə sərhədinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölgədəki 80-90 türk əsgərin sayı 138-ə çatdırılıb.
Bundan başqa bölgədə fəaliyyət göstərən 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda bölgədəki türk hərbçi sayının ən az 300 olduğu bildirilir.



