Böyük Vətən Müharibəsində qazanılan qələbənin 70 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirində 30 – dan çox dövlət başçısının iştirakı gözlənilir.
Qaziler.az saytının “İzvestiya “ qəzetinə istinadən bildirdiyinə görə Rusiya Federasiyasının Xarici işlər Nazirliyi xarici ölkələrin nümayəndə heyətlərinin Moskvaya gəlişləri haqda hələlik şərh vermək istəmir. Onlar yüksək vəzifəli qonaqların gəlişi haqda aprelə yaxın məlumat verəcəklər.Moskvada 9 may paradında iştirak edəcək dövlət başçıları: Belorusiya prezidenti Aleksandr Lukaşenko, Tacikistan prezidenti İmoməli Rahmon, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Çin Xalq Respublikasının başçısı Si Tzinpin, İsrailin prezidenti Reyven Rivlin, Çexiya prezidenti Miloş Zeman, Vyetnamın prezidenti Çıonq Tan Şan, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin baş katibi Kim Çen In, Yunanıstanın baş naziri Aleksis Sipras.
Böyük Vətən Müharibəsinin 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirdə bu dövlətlərin nümayəndələrinin iştirakı təsdiqlənib: Azərbaycan, Ermənistan, Misir, İtaliya, Qırğızıstan, Niderland, Slovakiya, Ukrayna.
Bəs kimlər 9 mayda Moskvaya gəlməkdən imtina edib?
Martın 11 –də Almaniya Federativ Respublikasının kansleri Angela Merkel 9 mayda Moskvaya gəlməkdən imtina etdiyini bildirib. Bununla belə o, qeyd edib ki, növbəti gün Rusiya paytaxtına gələrək prezident Vladimir Putinlə birgə Naməlum Əsgərin məzarına əklil qoymaq fikrindədir.
Fransa prezidenti Fransua Ollandın administrasiyasından bildirilib ki, o, Moskvadan dəvət alıb. Çox güman ki, Fransa lideri də Angela Merkel kimi mayın 10 –da Moskvaya gedəcək.
Böyük Britaniya səfirliyindən verilən məlumata görə bu ölkənin baş nazirinin bu tədbirdə iştirakı nəzərdə tutulmayıb.
Polşanın keçmiş baş naziri Donald Tusk da Moskvaya gəlməkdən imtina edib.
O da məlumdur ki, Latviya, Litva, Estoniya, Gürcüstan və Polşanın dövlət başçıları Qələbə paradında iştirak etməyəcəklər.