Rusiya prezidenti Vladimir Putinin mətbuat xidməti Dmitri Peskov alman qəzeti "Sueddeutsche Zeitung"ə dair yol verilən səhvə görə üzr istəyib.
Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, aprelin 14-ü keçirilən canlı mətbuat-konfransı zamanı Vladimir Putin "Panama sənədlərini" ilk olaraq əldə edən alman qəzetinin ABŞ-ın "Goldman Sachs" maliyyə korporasiyasına daxil olan mediaholdinqə aid olduğunu bildirib."Yəni hər yerdə sifarişçilərin qulaqları görünür. Görünür və heç də qızarmır", - deyə Putin müxtəlif ölkələrin siyasətçiləri və məmurlarının ofşorlara sahib olduqlarını təsdiq edən sənədlərin üzə çıxmasını şərh edib.
Prezidentin bu bəyanatından sonra qəzet özü "Goldman Sachs"la olan hər hansı bir əlaqəni istisna edib. Nəşr 81,25 faizi "Suedwestdeutsche Medien Holding"ə, 18,75 faizi isə fiziki şəxslərə məxsus olan "Sueddeutscher Verlag" şirkətinə aid olduğunu bildirib.
"Əlbəttə, biz öz üzrxahlığımızı çatdırdıq və həmçinin qəzetdən də üzr istədik", - deyə Dmitri Peskov bəyan edib.
"Bu, bizim səhvimizdir, daha doğrusu, mənim səhvimdir. Orada dəqiqləşdirilməmiş məlumat var idi. "Suddeutsche Zeitung"un sahibləri haqda məlumat dəqiqləşdirilmədən prezidentə təqdim olunub".
Aprelin ilk günlərində Panamanın “Mossack Fonseca” hüquq şirkətindən sızdırılan sənədlərin aparıcı KİV-də dərc olunması nəticəsində dünyanın 72 cari və sabiq dövlət başçılarının ofşor şirkətlərə sahib olduqları üzə çıxıb. Sənədləri ilk olaraq Almaniyanın “Suddeutsche Zeitung” qəzeti əldə edib. Qəzet isə sonradan məlumatları araşdırmaçı-jurnalistlər beynəlxalq konsorsiumuna ötürüb.



