Aprelin 11-də Azərbaycan diasporunun 50-dən artıq nümayəndəsi, Azərbaycanın dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq aksiya keçiriblər.
Sanksiyalaşdırılmış etiraz aksiyası Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisinin təşkilatçılığı, Azərbaycan-Bekçika Dostluğu Cəmiyyətinin və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə baş tutub.Qaziler.az bildirir ki, TEAS-dan Trend-ə verilən məlumata görə, Brüsselin tarixi "Square de Meeus" parkında toplaşan etirazçılar, Azərbaycan bayraqlarını dalğalandırıb, transparantlar qaldırıb və "Sarkisyan - təxribatçı" , "Mülki vətəndaşları hədəfə almağı dayandırın", "BMT qətnamələrinə riayət edin - erməni qoşunlarını çıxarın", "Dağlıq Qarabağın qanunsuz işğalını dayandırın", "Biz Qarabağıq", "Biz Xocalıyıq" kimi şüarlar səsləndiriblər. Etiraz aksiyası Ermənistan səfirliyi qarşısında başa çatıb.
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Demirçi tədbirdə çıxış edib. O bildirib ki, bu tədbir Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində təmas xəttində görünməmiş səviyyədə zorakılığın baş verməsi, bunun nəticəsində onlarla Azərbaycan hərbçisinin və mülki vətəndaşların ölümünə etirazdır.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt bu problemə toxunaraq demişdi: "Mən Dağlıq Qarabağda baş verən zorakılıqlarla bağlı hesabatlardan çox narahatam və insanların həlak olmasına görə çox məyusam. Bütün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dərhal çıxarılmalıdır".
Avropa İttifaqının ali nümayəndəsi, vitse-prezident Federika Moqerini isə bildirmişdi: "Təmas xətti boyunca ağır döyüşlər barədəki məlumatlar dərin narahatlıq doğurur. Avropa İttifaqı insan itkilərinə, xüsusilə mülki əhalinin tələfatına görə təəssüf hissi keçirir".
BMT Təhlükəsizlik Şurasının artıq 22 ildir qəbul etdiyi, lakin icra olunmayan qətnamələri yerinə yetirilənə qədər Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bunun vaxtı artıq gəlib çatıb. Bu qətnamələr Ermənistan silahlı qüvvələrindən Azərbaycan ərazilərini tərk etməyi və işğalın qurbanları olan 1 milyondan çox qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmaq imkanı yaratmağı tələb edir.