Məşhur braziliyalı futbol xadimi Pele Cənubi Koreyanın “Samsung” şirkətinə qarşı 30 milyon dollarlıq iddia qaldırıb. İKT.lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, buna səbəb onun oxşarından “Samsung” reklamında istifadə edilməsidir. Pele bildirib ki, şirkət özünün televiziya reklamında ona çox oxşayan bir adamdan istifadə edir və həmin şəxs uçan topa onun fəndindən istifadə edərək zərbə vurur.
Pelenin adı reklamda çəkilmir. Ancaq onun vəkillərinin sözlərinə görə, şirkətin reklamda istifadə etdiyi insan keçmiş futbol ulduzuna o qədər çox oxşayır ki, potensial alıcılar arasında çaşqınlıq yaradır.
İddia ərizəsində qeyd edilir ki, bir neçə il öncə “Samsung” şirkəti Pelenin obrazından istifadə etmək üçün onunla danışıqlar aparıb. Lakin sonradan bu danışıqlara son qoyulub və Peledən heç bir razılıq alınmayıb.
İddia ABŞ-ın Çikaqo Federal Məhkəməsində qaldırılıb. “Samsung” hələlik bu barədə şərh verməyib.