ABŞ Türkiyədəki İncirlik Hərbi Hava bazasındakı hərbiçilərin ailələrinə çağırış edib. APA TV-nin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb terror təhlükəsidir. ABŞ Avropa Komandanlığı çağırışı hərbiçilərin ailələrinin təhlükəsizliyi ilə əlaqələndirərək Adana, İzmir və Muğladakı hərbiçilərin ailələrinin təcili olaraq Türkiyəni tərk etməsini istəyib.
Komandanlığın Almaniyadakı Mərkəzi məlumatı təsdiqləyərək bildirib ki, bir neçə gün içində amerikan əsgər və zabitlərin ailələrinin Türkiyədən çıxarılmasına başlanılacaq.
Komandanlıqdan verilən açıqlamada həmçinin qeyd olunub ki, ABŞ və Türkiyə İŞİD-ə qarşı birgə mübarizə edir. İncirlik hərbi bazası da terror təşkilatına qarşı keçirilən əməliyyatlarda kilid rolunu oynamağa davam edəcək.
Bu qərarın dəqiq olaraq neçə ailəyə şamil olunacağı bilinməsə də, rəsmi Pentaqon hazırda Türkiyədə 680 hərbiçi yaxını olduğunu açıqlayıb.