Əfqanıstan qaçaqmalçılarının cümə günü girov götürdükləri iki Tacikistan vətəndaşı azad olunub və artıq vətənə qaytarılıblar.
Qaziler.az bildirir ki, bunu BBC Rus Xidmətinə Tacikistan sərhəd xidmətində deyiblər.Tacikistanın mərkəzi ilə Dağlıq Bədəxşan Muxtar Vilayətini birləşdirən tikilməkdə olan Şurabad-Şohon avtomobil yolunun bir hissəsi ötən cümə günü, “Nacib"in qruplaşmasına aid olduğu ehtimal olunan Əfqanıstan yaraqlılarının silahlı hücumuna məruz qalıb. Hücum zamanı inşaatçıların ikisi girov götürülüb.
Tacik vətəndaşları əsirlikdən azad etmək üçün yaradılmış xüsusi komissiyaya başçılıq edən sərhəd qoşunlarının komandanı general-leytenant Racabali Rahonali silahlı insidentlə bağlı vəziyyəti öyrənmək üçün bölgəyə yollanıb. Danışıqlar tacik inşaatçılarını girov götürən qruplaşma, Əfqanıstan hakimiyyət nümayəndələri və tayfaların ağsaqqalları ilə aparılıb.
Tacik-Əfqan sərhədinin bu hissəsində sərhədin yarılması və girov götürmə halları əvvəllər də baş verib. Dağlardan keçən dövlət sərhədinin bu hissəsini sərhədçilər ən mürəkkəb və təhlükəli hesab edirlər. Əfqan narkotik kuryerlərinin yolu bu ərazidən keçir.
Respublikada vətəndaş müharibəsinin ən qızğın vaxtı olan 1990-cı illərdə Şurabad rayonu sakinlərinin bir çoxu üçün narkotik alveri yeganə ailə dolandırmaq imkanına çevrilib. Narkotik alıb borclu qalanların qohumlarını girov götürürdülər.
Qeyd edək ki, Tacikistandan girov götürülənlərin bir neçə il Əfqanıstanda saxlanılması halları məlumdur.