Rusiya Prezidenti Vladimir Putin Rostov Don şəhərində baş verən təyyarə qəzasında ölənlərin yaxınlarına başsağlığı verib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Putinin əmri ilə hazırda hadisə yerinə Nəqliyyat naziri Maksim Sokolov, Fövqəladə Hallar naziri Vladimir Puçkov, Rosaviasiyanın sədri Aleksandr Neradko, prezidentin Cənub Federal Dairəsindəki nümayəndəsi Vladimir Ustinov yollanıblar.
Prezident Rostov vilayətinin qubernatoru və FHN rəhbərliyinə ölənlərin yaxınları üçün lazım olan hər cür yardımın edilməsi ilə bağlı tapşırıq verib. Yerli hakimiyyət onların hər birinə 1 milyon rubl (24 min manat) kompensasiya ödəyəcək.Bu arada qəzaya düşən təyyarənin bütün üzvlərinin şəxsiyyəti müəyyən edilib.
Ölənlərin böyük hissəsi Rusiya vətəndaşlarıdır. Onlarla bərabər, təyyarədə üç Ukrayna, bir Özbəkistan, bir Hindistan vətəndaşı olub. Həmçinin, ölənlər arasında Rostov vilayətinin deputatı İqor Pakus və onun həyat yoldaşı da var.