Terror təşkilatları və onlardan maşa kimi istifadə edən qüvvələr hüquq mühafizə orqanlarımıza qarşı məğlub olduqdan sonra ən əxlaqsız, ən vicdansız yollara əl atmağa başlayıb. Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada törədilən terrorla bağlı yaydığı bəyanatda yer alıb.
O, Ankaranın Qızılay meydanında baş verən terror hücumunu lənətləyib:
“Türkiyə son illərdə regionda baş verən qeyri-sabitlik nəticəsində terror hücumlarının hədəfinə çevrilib. Terror təşkilatları və onlardan maşa kimi istifadə edən qüvvələr hüquq mühafizə orqanlarımıza qarşı məğlub olduqdan sonra ən əxlaqsız, ən vicdansız yollara əl atmağa başlayıb. Bu hücumlar terrorla mübarizə əzmimizi gücləndirir. Dövlətimiz terrora qarşı qanuni müdafiə haqqından heç vaxt imtina etməyəcək. Vətəndaşlarımız narahat olmasın. Dövlətimizin millətimizlə birgə terrora qarşı mübarizəsi uğurla nəticələnəcək. Bu mənfur hücumda həyatlarını itirən vətəndaşlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına başsağlığı, yaralılara şəfalar diləyirəm”.
Qeyd edək ki, ötən gün Ankaranın Qızılay meydanındakı avtobus dayanacağında partlayış törədilib. Terakt nəticəsində 34 nəfər həlak olub, 125 nəfər yaralanıb.



