"Əgər Ukrayna həkimlərini yanıma buraxmasalar, gələn həftənin ilk günündən yenidən aclıq aksiyasına başlayacağam." Bunu Rusiyada saxlanılan Ukrayna təyyarəçisi Nadejda Savçenko bildirib. Vəkil Nikolay Polozov təyyarəçinin məktubunu sosial şəbəkədə paylaşıb. Məktubda deyilir: "Mən martın 5-də bulyon qəbul etməyə razılaşdım. Ona görə ki, məni xəstəxanaya yerləşdirməsinlər və məcburi yemək yedirtməyə başlamasınlar. İstəyirəm ki, Ukrayna həkimləri mənimlə görüşə buraxılsın. Çünki indiyədək məni müayinə etmək üçün Ukrayna həkimlərinə icazə vermirlər."
O yazır ki, Rusiya həkimləri mənim aclığı dayandırmağıma çalışırlar. Yemək siyahısına yeni məhsullar daxil edirlər və bu, məndə əlavə problemlər yaradır: "Əgər həftənin sonuna qədər Ukrayna həkimləri yanıma buraxılmasa, martın 16-dan qidadan imtina edib aclığı davam etdirəcəm."Xatırladaq, Ukrayna təyyarəçisi, Ali Radanın deputatı və bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Nadejda Savçenko 2014-cü ilin iyulunda Luqanskda separatçılar tərəfindən qaçırılaraq Rusiya ərazisinə aparılıb. Moskva məhkəməsi martın 5-də 33 yaşlı N.Savçenko ilə bağlı məsələyə baxıb. O, etiraz əlaməti olaraq elan etdiyi 81 günlük aclıq aksiyasını həmin müddətdə dayandırıb.