ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə Türkiyənin Milli İstihbarat Təşkilatı Suriya ilə sərhəddə məxfi koordinasiya mərkəzi yaradıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti yayıb. Xüsusi xidmət orqanlarının bu mərkəzi Yaxın Şərq ölkələrindən olan miqrantların arasındakı potensial terrorçuların aşkar edilməsi üçün istifadə etdiyi bildirilir:
“MKİ və MİT-in əlaqələri bununla məhdudlaşmır. Məhz MKİ özünün pilotsuz aparatlarını Suriya səmasına İncirlik hərbi bazasından buraxır. MKİ direktoru Con Brenan da son aylarda dəfələrlə Ankaranı ziyarət edib. Bütün səfərlərində tərəflər anti-terror əməliyyatlarını müzakirə ediblər”.
Qeyd edək ki, Türkiyə ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri hesab edilir. Suriya böhranı ucbatından yaranan miqrant axını məhz Türkiyə üçün ağır fəsadlara səbəb olub. Milyonlarla qaçqının öz ərazisində yerləşməsinə izn verən Ankara ölkəyə terrorçuların sızmasının qarşısını ala bilmir. Son iki Ankara terroru isə bunu sübut edən əsas dəlillərdən biridir.
Rusiyanın Suriyaya müdaxiləsindən sonra Ankaranın mövqeyi Vaşinqtonla daha da yaxınlaşıb. Əvvəllər sadəcə bəyanatlar verməklə kifayətlənən Ankara rusların Əsədə köməyə gəlməsindən sonra sərt addımlar atmağa başlayıb. Üstəlik, Türkiyə rəhbərliyi öz sərhədləri yaxınlığında hansısa kürd muxtariyyətinin yaranmasına izn verməyəcəyini bildirib.