Kazanda yanan ticarət mərkəzinin azərbaycanlı sahibi saxlanılıb

Kazanda yanan ticarət mərkəzinin azərbaycanlı sahibi saxlanılıb backend

Rusiyanın Kazan şəhərində yanan ticarət mərkəzinin azərbaycanlı sahibi saxlanılıb. APA-nın Moskva müxbirinin məlumatına görə, “Admiral” Ticarət Mərkəzinin direktoru 30 yaşlı Hüseyn Qəhrəmanov hüquq-mühafizə orqanlarının ticarət mərkəzində baş verən yanğınla bağlı araşdırmaları çərçivəsində tutulub.

Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda “Admiral” Ticarət Mərkəzinin direktoru, ticarət kompleksinin icarəçisi Hüseyn Qəhrəmanovun saxlanıldığı bildirilib. Azərbaycanlı iş adamının barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsi həll olunacaq.

Qeyd edək ki, martın 11-də Kazan şəhərində yerləşən “Admiral” ticarət mərkəzində güclü yanğın baş verib. Nəticədə 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb. Xəsarət alanlardan 14 nəfər xəstəxanaya yerləşdirilib, dağıntılar altından 4 nəfər çıxarılıb.

Yanğının söndürülməsinə və insanların dağıntılar altından çıxarılmasına 435 nəfər və 100 ədəd texnika cəlb olunub. Rusiya FHN-dən bildiriblər ki, yanğına elektro-texniki nasazlıq səbəb olub.

Ticarət mərkəzinin sahibi Hüseyn Qəhrəmanov isə “LifeNews”a açıqlamasında bildirib ki, hadisədən öncə binanın yandırılacağı ilə bağlı təhdidlər alıb. Buna görə də iş adamı obyektin mühafizəsini gücləndirib, hətta bu işə qohumlarını cəlb edib. H.Qəhrəmanovun sözlərinə görə, dükan sahibləri mallarını çıxarmağa cəhd etməsəydilər, qurbansız ötüşmək olardı.

Qeyd edək ki, yanğın 12 min kv. m-lik ərazini əhatə edib.
Diaspora