İrandakı seçkilər azərbaycanlı-kürd qarşıdurmasına səbəb olub

İrandakı seçkilər azərbaycanlı-kürd qarşıdurmasına səbəb olub backend

İranda fevralın 26-da Xobreqan Ekspertlər Şurası və İslami Şura Məclisinə (parlament) seçkiləri keçirilib.

Seçkilərin ilkin nəticələri isə Güney Azərbaycan əyalətlərində, xüsusən də Qərbi Azərbaycanın Sulduz şəhərində kəskin etirazla qarşılanıb. Buna səbəb həmin əyalətdə kürdlərin və onların terrorçu qrupları tərəfindən seçkilərin saxtalaşdırılması iddialarıdır.

Bununla bağlı olaraq fevralın 27-də azərbaycanlılardan ibarət minlərlə aksiyaçı Sulduz valisi binasının qarşısına toplaşaraq etirazlar keçirib.

Qaziler.azın məlumatına görə, Musavat.com İran mənbələrinə istinadən bildirir ki, aksiyaçılar seçkilər zamanı 20 min kürd seçicisinin kənardan Üşnəviyyəyə gətirildiyini və onların kürd namizədin xeyrinə səs verildiyini iddia ediblər. Etirazçılar bildiriblər ki, İran hökumətinin köməkliyi ilə seçki qutularına 40 mindən çox saxta bülleten atılıb. Beləliklə, kürd namizəd 62 min seçicinin səsini qazanaraq seçkilərdə qalib gəlib və Sulduz (Nəqədə) və Üşnəviyyə şəhərlərindən İran parlamentinə deputat seçilib.

Aksiyaçılar eyni zamanda Üşnəviyyə şəhərində əhalinin səsvermədə iştirak etməsi 140 faiz (?!) təşkil etsə də, valilik tərəfindən bu rəqəmin 80 faiz elan edilməsinə öz etirazlarını bildiriblər. Aksiyada “Sulduz Qarabağ olmayacaq!”, “Sulduz azərbaycanlıların, türklərin şəhəridir və türklərin şəhəri olaraq da qalacaq” kimi şüarlar səsləndirilib.

Beləliklə, artıq iki gündür ki, Qərbi Azərbaycan əyalətinin azərbaycanlı türkləri ilə kürdlər arasında ciddi qarşıdurma, gərginlik yaşanır..

Güney Azərbaycanın tanımış milli fəallarından olan Cəmşid Zareinin sayta verdiyi açıqlamasına görə, etirazların daha da aktivləşəcəyi gözlənilir: “Azərbaycanlı olan namizədin tərəfdarları bu gün də etirazlarına davam edirlər. Onlar seçkilərin yenidən keçirilməsini tələb edirlər. Əgər bu tələb təmin olunmazsa, kürd namizədin mandatlığı rəsmiləşərsə qarşıdurma daha da gərginləşə bilər.

Ümumiyyətlə Sulduz şəhərində azərbaycanlı-kürd qarşıdurmaları çoxdan yaşanır. Belə ki, İran hökuməti təxminən 35 il bundan əvvəldən başlayaraq İraq, Suriya və digər ölkələrdən Qərbi Azərbaycana, xüsusən də Urmiyaya 200-300 min nəfərə qədər kürd köçürüb. Bu əyalətdə kürd nüfuzunun genişlənməsi yönündə kifayət qədər addımlar atılıb”.

Onu da qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərinin 75 min əhalisi var ki, onun da böyük əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Şəhərdə azsaylı kürdlərin yaşamasına baxmayaraq, İran hökuməti şəhərin adını kürdcə Nəqədə olaraq dəyişdirib. Lakin azərbaycanlılar şəhəri öz tarixi adı ilə Sulduz adlandırırlar.