Britaniyalı televiziya aparıcısı Ceremi Klarkson təxminən bir il əvvəl yumruqla vurduğu “Top Gear” avtomobil proqramının prodüserindən üzr istəyib.
Qaziler.az-ın məlumatına görə, AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Klarkson baş vermiş insidentdə prodüserin günahının olmadığını deyib və ona gələcək layihələrdə uğurlar arzulayıb. Tərəflərin münaqişəni nizamladıqlarını prodüserin vəkilləri də təsdiqləyib. BBC News telekanalının məlumatına əsasən, baiskar zərərçəkənə 100 min funt sterlinq təzminat ödəyib.Xatırladaq ki, keçən ilin mart ayında Klarkson çəkiliş qrupunu isti yeməklə təmin etmədiyi üçün prodüseri vurmuşdu. Bu münaqişədən sonra BBC aparıcını işdən kənarlaşdırmış, milyonlarla pərəstişkarının olmasına, hətta Böyük Britaniyanın Baş naziri Devid Kemeronun himayəsinə baxmayaraq, onunla müqaviləni uzatmaqdan imtina etmişdi.
Klarksonun ardınca digər aparıcılar – Riçard Hammond və Ceyms Mey də “Top Gear” avtomobil proqramını tərk etmişdilər. Hazırda onların hər üçü “Amazon” video servisi ilə proqram hazırlamaqla məşğuldur.