Böyük Britaniyanın baş naziri Devid Kemeron krallığın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı referendumun iyunun 23-də keçiriləcəyini açıqlayıb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Avropa İttifaqı ilə razılaşdırılmış şərtlərlə qurumda qalmaq üçün kampaniya keçirəcək Kemeron ikinci referendumun olmayacağını açıqlayıb.
İngiltərənin Avropa İttifaqında qalması üçün Brüsseldə razılaşdırılan layihə İcmalar Palatasında müzakirə edilib. Baş nazir növbəti seçkilərdə namizəd olmayacağını və sadəcə, ölkəsinin mənafeyini düşündüyünü sözlərinə əlavə edib: "Xüsusi status İngiltərənin hər iki halda ən yaxşı üstünlüklərdən faydalanması deməkdir. Avropanın bizim işimizə yarayan hissəsində olacağıq. Dünyanın ən böyük tək bazarında xalqımızı təhlükəsiz saxlamaq bacarığı ilə ön sırada oturaraq bizi maraqlandıran qərarlara təsir edə biləcəyik. Ancaq bununla birlikdə, Avropanın bizim işimizə yaramayan hissəsindən də kənarda qalacağıq. Ölkəmizi avrodan, avro bölgəsini qurtarma işlərindən, pasport lazım olmayan Şengen zonasından və Avropa İttifaqının tam bir parçası olmasından həm hüquqi olaraq, həm də daimi olaraq qorumuş olacağıq".
Gələcək seçkilərdə hakim Mühafizəkarlar Partiyasından baş nazirlik üçün yarışacağı iddia edilən London meri Boris Conson isə Avropa İttifaqı ilə razılaşmaya qarşı kampaniya başladıb. Amma müxalifətdə olan Leyboristlər Partiyası Avropa İttifaqında qalmağın lehinə olsa da, razılaşmanın şərtlərini tənqid edir.