Timoşenko: “Deputatlara 1 milyon rüşvət verilib“

Timoşenko: “Deputatlara 1 milyon rüşvət verilib“ backend

Arseni Yaçenyuk hökumətinin istefaya getməsinin əleyhinə səs vermək üçün Ali Rada deputatlarına 1 milyon dollar rüşvət verilib. Axar.az xəbər verir ki, bunu “112 Ukraina” telekanalına açıqlamasında “Batkivşina” fraksiyasının sədri Yuliya Timoşenko deyib.

“Parlamentdə faktiki olaraq söz gəzirdi ki, hökumətin istefaya getməsinin əleyhinə səs verən hər bir deputata 1 milyon dollar verilib. Bu, həqiqətən də qorxuludur. Çünki deputatlar kütləvi şəkildə satın alınıb. Təəssüf ki, nə Ukrayna Milli Anti-korrupsiya Bürosu, nə də digər orqanlar bu cür hadisələri araşdırmırlar. Niyə? Çünki bu orqanlar ələ alınıb”, - Timoşenko bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radası baş nazir Arseni Yaçenyukun rəhbərlik etdiyi Nazirlər Kabinetinə etimadsızlığa dair qərarı qəbul edə bilməyib. Qərarın qəbul olunması üçün 226 səs lazım olduğu halda, 194 deputat dəstəkləyib.