Türkiyədən Suriyaya 500 müxalif döyüşçü keçib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Kobaninin İŞİD-dən qurtarılması üçün döyüşən müxaliflər bu dəfə Azezi PYD-dən qoruyacaq.
PYD-nin Hələbin şimalında irəliləməyə, Əsəd və Rusiya gücləri ilə birgə Azez-Hələb xəttinin bağlanmasına çalışması və Türkiyə tərəfə atəş açması səbəbindən Türkiyə PYD-ni toplarla bombalayıb. Eyni zamanda PYD-nin silahlı qanadı YPG-nin irəliləyişini dayandırmaq üçün "Feylak-ı Şam" qrupu İdlibdə saxladığı 500 döyüşçünü fevralın 13-də Cilvəgözü sərhəd keçid məntəqəsindən Azez bölgəsinə göndərib.Döyüşçülərin daşınması Türkiyənin razılığı və nəzarətində həyata keçirilib. Müxalif döyüşçülərlə birgə onların istifadə etdiyi silahlar da İdlibdən Azezə aparılıb. Hələb və İdlibdə döyüşən "Feylak-ı Şam"ın 2500-ə qədər döyüşçüsünün olduğu qeyd olunur.