Ukrayna Nazirlər Kabinetinin binasında baş nazirin müavini, mədəniyyət naziri Vyaçeslav Kirilenko, etnik-milli siyasət məsələləri üzrə hökumətin səlahiyyətli nümayəndəsi Gennadi Druzenko və dövlət qurumları nümayəndələrinin iştirakı ilə Millətlərarası Razılıq Şurasının iclası keçirilib.
Ukrayna Millətlər Assambleyasından APA-ya verilən məlumata görə, iclasa ölkədəki milli azlıqların nümayəndələri də dəvət olunub.
Ukrayna Millətlər Assambleyasının sədri və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin prezidenti Rövşən Tağıyevin də iştirak etdiyi iclasda iqtisadi və sosial məsələlər, vətəndaş cəmiyyəti institutlarının fəallığının bu məsələlərdən asılılığı müzakirə olunub.
R. Tağıyev Ukrayna Millətlər Assambleyasının il ərzindəki fəaliyyətinin yekunları haqqında məlumat verib. Xüsusilə, Assambleyanın tərkibində Dünya diasporu (ABŞ) və Avropa Milli Azlıqlar Birliyinin (FUEN, Almaniya) beynəlxalq fəaliyyəti qeyd olunub. Əməkdaşlığın nəticəsi kimi Ukraynaya dünyanın müxtəlif nöqtələrindən qeyri-hökumət təşkilatları tərəfindən əməli yardımı göstərilib. O bildirib ki, Assambleyanın fəaliyyətinin mühüm istiqamətlərindən biri antiterror əməliyyatının keçirildiyi zonada insanlara humanitar yardımın göstərilməsidir.
Qeyd olunub ki, Assambleyanın fəaliyyətinin başlıca istiqamətləri tibbi avadanlıq və dərmanlarla əməli yardım, Ukraynada ilk hərbi səyyar hospitalın alınmasında maddi yardım, yaralı döyüşçülərə qulluğun göstərilməsidir. Bundan başqa, irqi və milli ayrı-seçkilik, ksenofobiya, antisemitizm əlamətlərinin qarşısının alınmasına da xüsusi diqqət ayrılıb.
R. Tağıyev həmçinin Ukraynada sülh və həmrəyliyin qorunması üçün vətəndaş cəmiyyətinin birləşməsinin vacibliyini vurğulayıb. Ukrayna baş nazirinin müavini Vyaçeslav Kirilenko Assambleyanın fəaliyyətini yüksək qiymətləndirib. O, iclas iştirakçılarının təkliflərinə münasibət bildirib və qeyd olunan problemlərin həll ediləcəyini vəd edib.