Pakistanın Qurumlararası Kəşfiyyat İdarəsi (İSİ – red.) Hindistan ərazilərinə hücumlar üçün terrorçular hazırlayıb. Axar.az xəbər verir ki, bunu Hindistan mətbuatına açıqlamasında Pakistanın eks-prezidenti Pərviz Müşərrəf söyləyib. Onun sözlərinə görə, Məhəmmədin Ordusu (“Caiş Məhəmməd”) və Sadiqlər Legionu (“Ləşkəri Tayba”) terror təşkilatlarını Hindistana qarşı məhz İSİ yaradıb:
“Terror hücumları və iki ölkə arasında savaş Kəşmir məsələsi həll edilməyənə qədər davam edəcək. Lakin siz bu problemi həll etmək istəmirsiniz. Kəşmirdə döyüşən hər bir kəs azadlıq savaşçısıdır. Bu məsələ ilə bağlı hansısa proqres müşahidə edəcəyimizi düşünmürəm”.
Xatırladaq ki, Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub. O, bundan öncə mətbuata açıqlamasında Talibanı Pakistanın yaratdığını bəyan edib. Müşərrəf həmçinin Taliban, Həkkani, Üsamə bin Laden və Zəvahirinin bir zamanlar Pakistanın qəhrəmanı hesab olunduqlarını da söyləyib.