Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili mühafizəçilərdən imtina edib. APA TV-nin məlumatına görə, o, bu barədə özünün "Facebook" səhifəsində yazıb.
Qubernatorun sözlərinə görə, o, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qiçakın adına məktub yazıb. Mixail Saakaşvili “Alfa” xüsusi təyinatlı dəstəsindən onun üçün ayrılmış mühafizəçilərin geri çağırılmasını xahiş edib: “Bu aylar ərzində məni qoruyan “Alfa”nın uşaqlarının əməyini qiymətləndirəm və hörmət edirəm. Təhlükəsizlik xidmətinin rəhbərinə rəsmi məktub göndərmişəm ki, bu qurum tərəfindən ayrılmış mühafizədən imtina edirəm”.Mixail Saakaşvili əlavə edib ki, heç kimdən və heç nədən qorxmur. O, cangüdənlərsiz hərəkət etmək qərarına gəldiyini elan edib.
Bu arada isə Ukraynanın Daxili İşlər Nazirliyi Mixail Saakaşvilinin antiterror əməliyyatları bölgəsinə səfəri ilə bağlı araşdırmalara başlayıb. Nazirlik bildirir ki, Odessanın qubernatoru tərəfindən yayılan videolarda Ukrayna ordusunun Donbasdakı mövqeləri görünür.