Kasyanov deyir ki, “tort” hücumunda həyatına təhlükə olub

Kasyanov deyir ki, “tort” hücumunda həyatına təhlükə olub backend

Rusiya müxalifəti liderlərindən Mixail Kasyanov iddia edir ki, onun nahar etdiyi Moskva restoranına bir qrup kişinin soxulması zamanı həyatı təhlükə qarşısında olub.

Qaziler.az BBC-yə istinadən bildirir ki, “Qeyri-slavyan görünüşləri olan 10 kişi üstümə tort atdıqdan sonra məni hədələyiblər” – deyib Kasyanov.
Kreml bu iddianı rədd edir və hadisəni “xuliqanlıq” aktı adlandırır.
Lakin keçən həftə çeçen lideri Ramzan Kadırov Kasyanovun güllə nişangahına salınmış videosunu internetə post etmişdi və müxalifət bunu qətl hədəsi kimi qiymətləndirmişdi.
Qeyd edək ki, Kadırov Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqidir və prezidentin tənqidçilərini “düşmənlər” və “satqınlar” adlandırır.
Cənab Kasyanovun liberal müxalif Parnas partiyası bəyan edir ki, ötən cərşənbə axşamı restorana soxulanlar çeçen dilində danışırmışlar və ya onların həmin regiondan gəldikləri hiss olunurmuş.
Rusiyanın RBK qəzetinə müsahibədə Putin tərəfindən 2004-cü ildə vəzifəsindən uzaqlaşdırılmış keçmiş baş nazir Kasyanov deyib ki, ona hücum edənlər “sən düşmənsən” və “səninlə haqq-hesab çəkəcəyik” deyə qışqırırmışlar.
Sonra həmin adamlar restorandan çıxıblar və burada onları gözləyən daha bir dəstəyə qarışıblar. Daha sonra isə maşınlarına minib gediblər.
Cənab Kasyanov həyatına və təhlükəsizliyinə hədə olduğu barədə polisə şikayət ərizəsi təqdim edib.
“Kadırov izi yoxdur”
“Mən bu hücumu siyasi fəaliyyətimlə bağlayıram” – deyib Kasyanov RBK qəzetinə.
“Mən inanıram ki, bu hücum birbaşa cənab Kadırovun mənə internetdə postladığı hədələrlə bağlıdır və buna görə də hadisə ilə əlaqədar İstintaq Komitəsinə və FTX-yə müraciət etmişəm” – deyib siyasətçi.
Moskva rəsmiləri bildiriblər ki, şikayət qəbul edilib və hazırda təhqiqat aparılır.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov baş verən hadisəni “xuliqanlıq” adlandırıb və bildirib ki, bunun cənab Kadırovla heç bir əlaqəsi yoxdur.
“Bu məsələni Çeçenistanın və ya hər hansı başqa regionin rəhbərliyi ilə bağlamaq olmaz” – deyib Peskov İnterfax xəbər agentliyinə.
Cənab Kasyanov Kremlin qatı tənqidçilərindəndir və ötən ay Avropa Şurasını keçən il qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun ölümünü araşdırmağa çağırıb.