Səudiyyə Ərəbistanı İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün Suriyaya qoşun göndərməyə hazır olduğunu açıqlayıb. APA TV-nin xəbərinə görə, ölkənin Müdafiə Nazirinin müşaviri briqada generalı Ahmed Asiri beynəlxalq koalisiya ilə bərabər İŞİD-ə qarşı quru əməliyyatlara qatılmağa hazır olduqlarını bildirib.
"Əl-Ərəbiyyə" televiziyasına verdiyi açıqlamada Asiri "Əgər koalisiya eyni fikirdədirsə, Səudiyyə Ərəbistanı mübarizəyə töhfəsini vermək istəyir, çünki hava əməliyyatlarının ideal həll variantı olmadığına inanırıq. Hava və quru əməliyyatları birlikdə aparılmalıdır" deyə bildirib.
Səudiyyə Ərəbistanı 2014-cü ildən bəri koalisiya daxilində Suriyada İŞİD-ə qarşı hava əməliyyatlarında iştirak edir. Eyni zamanda bu ölkənin Suriyadakı Əsəd rejiminə qarşı müxalifləri dəstəklədiyi də məlumdur.
Bir neçə gün öncə Əhməd Davudoğlu ilə birgə Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar da Səudiyyə Ərəbistanına getmiş və rəsmi görüşlərə qatılmışdı.