Aİ-yə üzv olan ölkələrin nümayəndələri və Türkiyənin baş naziri Əhməd Davudoğlu qaçqın axının azaldılmasına dair Aİ-Türkiyə tədbirlər planının icrasını müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan baş nazirinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, görüş fevralın 4-ü Londonda Suriyaya dair donor ölkələrin konfransı çərçivəsində baş tutub. Avropa İttifaqı tərəfdən görüşdə Aİ Şurasının sədri Donald Tusk, Avstriyanın kansleri Verner Fayman, Hollandiyanın baş naziri Mark Rütte, Yunanıstanın baş naziri Aleksis Sipras iştirak ediblər.
“Görüşdə qaçqın axının azaldılmasına dair Aİ-Türkiyə tədbirlər planının və Yunanıstan-Türkiyə readmissiya haqqında sazişin icrası, qaçqınların birbaşa Türkiyədən Aİ ölkələrinə köçürülməsinə dair etibarlı mexanizmin hazırlanması müzakirə olunub”, deyə məlumatda qeyd olunub.