BMT Baş katibinin müavini İqtisad Universitetində olub

BMT Baş katibinin müavini İqtisad Universitetində olub backend

BMT Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) içraçı katibi xanım Şamşad Axtar Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Universitetin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə,
Ş.Axtarın iştirakı ilə keçirilən sessiyada ADİU-nun rektoru Ədalət Muradov bildirib ki, Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan ADİU ölkə xaricində filialı olan yeganə ali təhsil ocağıdır. Universitetin hədəflərinı açıqlayan rektor İqtisad universitetinin Webometrics reytinqə görə Azərbaycan universitetləri arasında birinci yerdə olduğu qeyd edib. Bu gün isə universitetin QS reytinqinə düşməsi istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb.

Şamşad Axtar ADİU-dakı yenilikləri yüksək qiymətləndirərək regiondakı hazırki iqtisadi vəziyyətin perspektivləri barədə danışıb və ölkələr üzrə real ÜDM və inflyasiya haqqında məlumat verib, BMT-nin 2030-cu il üçün davamlı inkişaf gündəliyini açıqlayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən danışıb.
Sessiyada çıxış edən Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fariz Rzayev təhsildə beynəlxalq əlaqələrin rolunu vurğulayaraq, dünya səviyyəli təhsilin ölkəyə gətirilməsində bunun əhəmiyyətini qeyd edib.

Bildirək ki, sessiyada dövlət qurumları və özəl sektorun nümayəndələri, eyni zamanda ADİU-nun professor-müəllim heyəti iştirak edib.

Sessiyadan sonra xanım Ş.Axtarla universitet rektoru Ə.Muradov arasında keçirilən görüşdə birgə əməkdaşlıq, gələcək perspektivlər barədə danışılıb.

Həmçinin İqtisad universitetində UNESCAP-in beynəlxalq ticarət üzrə mərkəzinin yaradılması, tələbələrin UNESCAP Katibliyində, yaxud UNESCAP-ın Almatı şəhərində yerləşən Şimali və Mərkəzi Asiya üçün sub-regional ofisində təcrübə keçmələri, UNESCAP Katibliyi tərəfindən nəşrlərin UNEC-in kitabxanasına töhfə edilməsi və digər məsələlər müzakirə edilib. Tərəflər uyğun mövzular üzrə birgə tədqiqat layihələrinin həyata keçirilməsi və ADİU-nun professor-müəllim heyətinin UNESCAP-in tədbirlərinə dəvət olunması haqqında fikir mübadiləsi aparıblar.