Moskvanın mərkəzində öldürülən müxalifət lideri Boris Nemtsovun köməkçisi onun son məktubunu mətbuata açıqlayıb.
Nemtsov həmin məktubu ölməzdən bir gün əvvəl yazıb və köməkçisi Olqa Şorinaya verib. Əl yazısı ilə yazılan məktubun məzmunu belədir: "İvanovodan bir neçə desant mənimlə əlaqə yaradıb. Onlar 17 desantın öldürüldüyünü deyiblər. Desantlar pullarını almayıblar, amma indi danışmağa qorxurlar". Olqa Şorina bildirib ki, məktubda söhbət 98-ci qvardiyanın hərbçilərindən gedir. "Nemtsov bu desantlarla əlaqə saxlayırdı. Necə - özüm də bilmirəm", - deyən Şorina özünün həmin hərbçilərlə heç vaxt əlaqə yaratmadığını qeyd edib.
Onun sözlərinə görə, Nemtsov ofisinin dinlənildiyindən qorxduğu üçün öz araşdırmasının detallarını kağızda yazaraq bildiririb. "O, 1 milyon nüsxədə Donbas hadisələrinə həsr edilən "Putin. Müharibə" adlı məruzə nəşr etmək istəyirdi". Müxalifət liderinin köməkçisi onu da deyib ki, Nemtsov öz məruzəsi üçün materialların çoxunu açıq mənbələrdən götürürdü. "O, sensasiya doğuracaq hər hansı məlumat vermək niyyətində deyildi. Bununla belə Nemtsov Ukraynada döyüşən rus əsgərləri ilə danışırdı. O, əsgərləri ictimaiyyətə açıq bəyanatlar verməyə razı salmaq istəyirdi", - deyə Şorina əlavə edib.
Boris Nemtsovun başqa bir silahdaşı İlya Yaşin isə "Putin. Müharibə" məruzəsinin mütləq dərc ediləcəyini bildirib. "Biz sənədləri əldə edə bilmirik. Amma onları necə bərpa edəcəyimiz haqqında müəyyən fikrilərimiz var və biz bunu mümkün qədər tez edəcəyik ki, Nemtsovun başladığı işi tezliklə başa çatdıraq", - deyə Yaşin bildirib.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də gecə saatlarında güllələnib. Bu zaman onun yanında 23 yaşlı ukraynalı model Anna Duritskaya da olub. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib.