Finlandiya hökuməti ölkənin NATO-ya üzvlük ehtimalının reallaşması halında bu prosesin doğura biləcəyi nəticələri nəzərdən keçirir. APA TV-nin RBK-ya istinadən xəbərinə görə, ekspertlər cari ilin yazına qədər bu məsələ ilə bağlı hesabat hazırlamalıdır.
Finlandiyanın hərbi alyansa üzvlüyünün qiymətləndirilmə prosesinin başlanması haqqında məlumat ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında da yerləşdirilib.
Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlüyün dəyərləndirilməsi prosesinin bu ölkənin İsveçdəki səfiri Mats Berqvist, Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Teya Tiilikaynen, Rusiyadakı, eləcə də Almaniyada səfir işləmiş Rene Nyuberq və Beynəlxalq Strateji Araşdırmalar İnstitutu və Cenevrə Təhlükəsizlik Siyasəti İnstitutunun rəhbəri Fransua Eysburdan ibarət xüsusi komissiyaya həvalə olunduğu bildirilir.
Ekspertlər ölkənin NATO-ya 2016-cı ilin yazına nəzərdə tutulan üzvlüyünün verəcəyi nəticələrlə bağlı hesabat hazırlamalıdırlar.
Bu gün isə Sankt-Peterburqda Rusiya hökumətinin başçısı Dmitri Medvedevlə finlandiyalı həmkarı Yoha Sipilya arasında görüşün keçirilməsi nəzərdə tutulub.
Tərəflər hər iki ölkənin ticari-iqtisadi, investisiya, energetika, elmi-texniki və humanitar sahələrdəki əməkdaşlıq imkanlarını nəzərdən keçirəcək. Bundan əlavə, hökumət rəhbərlərinin regional və sərhədyanı əlaqələri də müzakirə edəcəyi gözlənilir.
Hazırda Finlandiyanın NATO-ya üzvlük məsələsi Mərkəz Partiyası da daxil olmaqla, ölkənin əsas partiyaları üçün siyasi platformanın tərkib hissəsi deyil. Eyni zamanda vətəndaşlar da ölkənin bu hərbi təşkilata üzvlük məsələsinə kifayət qədər ehtiyatla yanaşmağı üstün tutur. Belə ki, ötən ilin yanvarında keçirilən ümumxalq sorğusunun nəticələrinə görə, respondentlərin cəmi 26 faizi üzvlük məsələsində hər hansı bir problem görmür. Əksinə, 43 faiz bunun əleyhinə, 32 faiz respondent isə bu məsələdə qərarsızdır.
Qeyd edək ki, 2009-cu ildə ölkənin o vaxtkı baş naziri Matti Vanxanen rəsmi Helsinkinin NATO-ya üzv olmağa hazırlaşmadığını bildirmişdi. Sabiq baş nazir o zaman fikrini Cənubi Osetiya müharibəsi ilə əsaslandırmışdı. O, eyni zamanda Rusiya ilə daha möhkəm əlaqələr yaradılmasının tərəfdarı olduğunu da bildirmişdi.