Çin: Corc Soros yuana müharibə elan edib

Çin: Corc Soros yuana müharibə elan edib backend

Çin hökuməti amerikalı milyarder Corc Sorosun ölkənin milli valyutası olan yuana müharibə elan etdiyini düşünür. APA TV-nin RBK-ya istinadən məlumata görə, bu barədə fikirlər ölkənin Kommunist Partiyasının rəsmi orqanı olan «Jenmin Jibao» qəzetində dərc olunan məqalədə də yer alıb.


"Bu il keçirilən Dünya İqtisadi Forumu zamanı Corc Soros Çin valyutasına müharibə elan edib. Məhz onun təsiri nəticəsində dünya bazarlarında daha öncə də mövcud olan qeyri-müəyyənlik daha da güclənib, məhz bu spekulyativ addımlar səbəbindən valyutanın mövcud məzənnəsi kənar təsirlərə daha çox məruz qalıb".

Müəllif eyni zamanda Sorosun yuanla əlaqəli proqnozlarının özünü doğrultmayacağı qənaətindədir. Ötən həftə Corc Soros "Bloomberg" agentliyinə müsahibəsində Amerikan fond indeksi S&P 500 və Asiya ölkələrində istifadə olunan milli valyutaların dəyərdən düşməsinin qaçılmaz olacağını bildirmişdi. 2015-ci ildə Çin iqtisadiyyatının artım tempindəki yüksəlişə rəğmən, ölkənin fond birjası tərəddüdə meyllidir. Dünya iqtisadiyyatındakı artım prosesində yaşanan qlobal ləngimənin fonunda ölkənin iqtisadi göstəriciləri digər nəhəng dövlətlərlə müqayisədə kifayət qədər yaxşı vəziyyətdədir.



Vurğulanır ki, ötən il Çinin iqtisadi artım sürəti Birləşmiş Ştatlardan iki dəfə çox olub. Ölkənin ixracat səviyyəsi 1,8 faiz aşağı düşüb. 2015-ci ildə dünya üzrə ixracat göstəriciləri cəmi 10 faiz təşkil edib . Çinin makroiqtisadi stabillik səviyyəsi Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının təmsil olunduğu BRİKS regionu dövlətləri və inkişaf etmiş digər ölkələrə nisbətdə dəfələrlə yüksəkdir. Ölkənin ala biləcəyi iqtisadi zərbələr mövcud vəziyyəti kardinal şəkildə dəyişə bilər. Hazırda isə ölkə özünün qlobal iqtisadi gücünü kifayət qədər yaxşı səviyyədə saxlamaq əzmindədir.

Birləşmiş Ştatlar iqtisadiyyatı əsasən sənayenin müəyyən bir sahəsinin çiçəklənməsi fonunda digər sahələrin bu inkişafdan geri qalması ilə xarakterizə olunan "holland sindromundan" əziyyət çəkir. İqtisadiyyatın bərpa edilməsinin ardınca Birləşmiş Ştatların ticarət balansı saldosu getdikcə daha da zəifləyir. Dolların yuana nəzərən möhkəmlənməsi müvəqqəti xarakter daşıyır. Corc Soros tərəfindən Asiya valyutalarına müharibə elan edilməsi Çinin qarşısında Şərqi Asiyada maliyyə əməkdaşlığını dərinləşdirmək üçün əlavə imkanlar açmış olur. Qeyd edək ki, bundan öncə milyarder Corc Soros 1992-ci ildə İngiltərə funt-sterlinqi, 1997-ci ildə isə Asiya ölkələrinin valyutalarına həyata keçirilən spekulyativ hücumların təşkilində də günahlandırılıb.