İspaniyada anti-korrupsiya əməliyyatı: 24 nəfər tutuldu

İspaniyada anti-korrupsiya əməliyyatı: 24 nəfər tutuldu backend

İspaniyanın Valensiya bölgəsində anti-korrupsiya əməliyyatı keçirilib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, əməliyyat zamanı aralarında hakim Xalq Partiyası nümayəndələrinin də olduğu 24 nəfər saxlanılıb.

Məlum olub ki, onlar ictimai tenderlər qarşılığında rüşvət alaraq, əldə olunan vəsaiti partiyanın, eləcə də özlərinin bank hesablarına köçürüblər.

Xalq Partiyasının regional təmsilçisi Alfonso Rus ilə yanaşı, 10 nəfərdən ibarət yüksək vəzifəli partiya fəalının saxlanılması Madriddə böyük rezonans doğurub.

Xalq Partiyasının mətbuat katibi Rafael Hernando korrupsiyaya qarşı bundan sonra da mübarizə aparılacağını açıqlayıb. "Məsələ ilə bağlı bütün lazımi tədbirlər görüləcək. Korrupsiyaya qarşı mübarizə aparacağımıza dair xalqa söz vermişik və bu məsələdə barışmaz mövqedə olacağıq" - deyə o qeyd edib.

Qeyd edək ki, İspaniya polisi ictimai tenderlərdə qalib elan edilmək üçün rüşvət verən iş adamlarının ofisləri də daxil olmaqla, partiyanın bölgə mərkəzində də xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 150 lüks avtomobil və şübhəlilərə aid 252 bank hesabına həbs qoyulub.