Gürcüstan XİN Rusiyanın Cənubi Osetiya və Abxaziyada keçirdiyi hərbi təlimlərdən narahatdır. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan xarici siyasət idarəsinin saytında dərc edilmiş bəyanatda bildirilir.
Gürcüstan XİN-in məlumatına görə, Rusiyanın cənubunu əhatə edən təlimlərə 2 mindən çox hərbçi və 500 ədəddən çox hərbi texnika cəlb olunub.“Xarici İşlər Nazirliyi dərin narahatlığını bildirir və Rusiyanı öhdəliklərinə sadiq qalaraq, Silahlı Qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa, Gürcüstan bölgələrinin işğalına son qoymağa çağırır”, deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Rusiyanın cənubunda 2 mindən çox hərbçinin iştirakı ilə Havadan Müdafiə Qüvvələrinin hərbi təlimlərinin keçirildiyi bildirilmişdi. Təlimlər Cənub, Şimali Qafqaz, Krım federal dairələrində yerləşən 12 hərbi poliqonda, həmçinin, Rusiyanın Ermənistan, separatçı Cənubi Osetiya və Abxaziyadakı hərbi bazalarında keçirilir.