Xalqımızın müstəqillik tarixində qanlı iz buraxmış 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Küveyt mətbuatında məqalələr dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, gündəlik ərəb dilində nəşr olunan “Əl-Nahar” qəzetində “Azərbaycan səfirliyi: 20 Yanvar Azərbaycan tarixində şanlı səhifədir”, “Əl-Ray” qəzetində “Azərbaycan səfirliyi: Bakıya hücum insan hüquqlarının ən dəhşətli şəkildə pozulmasıdır”, “Əl-Kuveytiyyə” qəzetində isə “Azərbaycan səfirliyi: Qara Yanvar hadisələrindən 26 il keçir” adlı məqalələrdə faciənin tarixi haqqında məlumat verilir.Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəalarının, beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu qeyd olunur. Bununla yanaşı, keçmiş sovet ordusu kontingentinin və zirehli texnikasının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə yeridildiyi vurğulanır. Torpaqlarının müdafiəsinə qalxmış Azərbaycan xalqına vəhşicəsinə divan tutulması barədə ətraflı məlumat verilir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər nəticəsində 147 nəfərin öldürüldüyü, yüzlərlə insanın yaralandığı diqqətə çatdırılır. Öldürülənlər arasında ən azyaşlı uşağın 7, gəncin 16 və qocanın 80 yaşlarında olduğu qeyd edilir. Bununla yanaşı, yaralı insanları xəstəxanalara daşıyan təcili tibbi yardım avtomobillərinin, hətta xəstəxanaların tanklardan və avtomatlardan atəşə tutulduğu vurğulanır.
Məqalələrdə hər il yanvarın 20-də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı tərəfindən ehtiramla yad edildiyi bildirilir. Həmçinin 100 minlərlə insanın onların şərəfinə salınmış Şəhidlər xiyabanını ziyarət etdiyi, bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç zaman silinməyəcəyi qeyd olunur.