Abdullayev-Kvirikaşvili görüşü bitdi: Tiflis razılaşmadı

Abdullayev-Kvirikaşvili görüşü bitdi: Tiflis razılaşmadı backend

Tiflisdə bu ölkənin hökumət rəsmiləri və SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş başa çatıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb.


Mətbuata açıqlama verən Gürcüstanın Energetika naziri Kaxa Kaladze SOCAR-ın bu il Gürcüstanın təbii qaza olan tələbatını ödəyə bilməyəcəyini deyib:

"Azərbaycandan nəql olunan qazın həcminin artırılması üçün müvafiq investisiya qoyuluşu ilə texniki dəstəyin verilməsi vacibdir. Söhbət Gürcüstana nəql olunan qazın həcminin artırılmasından və bu layihədə SOCAR-ın iştirakından gedir. Tərəflər buna hazırdır”.

Qeyd edək ki, Tiflis Rusiyadan qaz alışı ilə bağlı “Qazprom”la danışıqlara başlayıb. Gürcüstan mətbuatı və ekspertlər Tiflisin bu addımı vasitəsilə “Qazprom”un Gürcüstanın enerji bazarına daxil olacağını bildirirlər. Gürcüstan müxalifəti hökumətin bu addımına qarşı etiraz edir. Mətbuat Tiflisin “Qazprom”la əlaqələri genişləndirdikdən sonra Azərbaycandan qaz alışının da azaldacağının gözlənildiyini yazır.

SOCAR bundan öncə dəfələrlə Gürcüstanı tam qazla təchiz edəcəyini desə də, Tiflis bu açıqlamaların hər birinə saymazyana yanaşıb. Üstəlik, “Qazprom” və Tiflis arasında baş tutan sonuncu Surix görüşündən sonra Gürcüstanın Azərbaycandan aldığı qazın həcmini 50% azaldacağı ilə bağlı qeyri-rəsmi məlumatlar yayılıb.