Almaniyanın dünyaca məşhur “Volksvagen” şirkəti ABŞ-dan üzr istəyib. Axar.az xəbər verir ki, ABŞ-ın Detroyt şəhərində təşkil olunan beynəlxalq avtomobil sərgisində çıxış edən konsernin idarə heyətinin sədri Mattias Müller yaranan son qalmaqala görə üzrxahlıq edib və şirkətin ABŞ-da sərmayələrini artıracağını açıqlayıb.
“Müştərilərimizi, rəsmi orqanları və ABŞ ictimaiyyətini böyük xəyal qırıqlığına uğratdığımızın fərqindəyik”, - Müller qeyd edib.
Şirkət başçısı ABŞ-da yerləşən montaj müəssisələrinə 900 milyon dollarlıq investisiya yatıracaqlarını, bununla da əlavə 2 min nəfərlik yeni iş yerinin açılacağını bildirib.
Xatırladaq ki, alman konserni ABŞ-a ixrac olunan 600 min ədəd dizel mühərrikli avtomobildə təmiz hava qanunlarını (Clean Air Act) pozmaqda günahlandırılır.