Rusiya İstintaq Komitəsi: Anna Duritskaya istintaqla əməkdaşlıq etmək niyyətindədir

Rusiya İstintaq Komitəsi: Anna Duritskaya istintaqla əməkdaşlıq etmək niyyətindədir backend

"İstintaq tərəfindən Anna Duritskayaya qarşı heç bir qəti-imkan tədbiri seçilməyib. Onun şəxsi sənədləri, o cümlədən pasportu götürülməyib. Heç kəs Duritskayanın öz iradəsinə qarşı onu Rusiya ərazisində saxlamayıb".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin deyib.
Onun sözlərinə görə, A. Duritskaya tərəfindən heç bir şikayət daxil olmayıb: "Müstəntiqlərlə söhbətində o, Moskvanı tərk etmək istəyi barədə heç nə deməyib. İstintaq baş verənləri nəzərə alaraq, istintaq hərəkətləri başa çatmayanadək hələlik Duritskayanın Moskvanı tərk etməməsi qərara alınıb. Ancaq bu gün, istintaq hərəkətləri başa çatandan sonra Duritskaya Rusiyanı tərk edib. Bununla yanaşı, o, bundan sonra da istintaqla əməkdaşlıq etmək niyyətindədir. Lazım olacağı təqdirdə istintaq hərəkətlərinin keçirilməsi üçün müstəntiqlərin yanına gələcək".

Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi bildirib ki, hazırda Boris Nemtsovun qətli ilə əlaqədar şahidlər dindirilir, sübutlar və müşahidə kameralarının görüntüləri araşdırılır.

Qeyd edək ki, fevralın 27-də gecə saat 23:40 radələrində Rusiyanın tanınmış müxalifətçisi B. Nemtsov Moskvanın mərkəzində naməlum şəxs tərəfindən qətlə yetirilib. Hadisə baş verən zaman B. Nemtsovun yanında rəfiqəsi, ukraynalı fotomodel A. Duritskaya olub. A. Duritskaya "Dojd"a müsahibəsində B. Nemtsova atəş açan şəxsi görmədiyini bildirib.
Diaspora